Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 01Mar

    Bu il xalqımız böyük məhəbbətlə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ümummilli Liderin siyasi irsi, onun çoxsahəli fəaliyyəti və dövlətçilk təfəkkürü elə bir sərvətdir ki, xalqımız bunlardan daim bəhrələnir. Heydər Əliyevin ibrətamiz kəlamları, tövsiyələri əsl dövlətçilik məktəbidir.

    Pekin İçtimai Elmlər Akademiyasındakı çıxışında Heydər Əliyev deyib: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.”

    Ulu Öndərin “Ostankino“ dövlətlərarası televiziya şirkətinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər də hər bir azərbaycanlıda qürur hissi doğurur:

    “Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.”

    Ümummilli Liderin layiqli siyasi varisi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün müstəqil siyasət yetirməklə, Azərbaycanı daha da gücləndirir və siyasi arenada ölkəmizin nüfuzunu artırır.

    “Azərbaycanı parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur”. – deyirdi Heydər Əliyev. Qüdrətli sərkərdə, güclü Lider, xalqın sevimlisi olan Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ilə düşmənlərin arzularını, bəd niyyətlərini ürəklərində qoydu. Bu siyasət davam etdirilir və gün gələcək, vaxtilə Vətənlərindən didərgin salınmış bütün azərbaycanlılar öz yurd-yuvalarına qayıdacaqlar. Heydər Əliyevin dediyi kimi: “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.”

    Azərbaycan Respublikası Sərhəd Qoşunlarının yaradılmasının beş illiyinə həsr olunmuş təntənə\li yığıncaqdakı nitqində Ulu Öndər deyirdi: “Biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq.” Bu fikri dönə-dönə inkişaf etdirir və gənc nəslə tövsiyə edirdi: “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır.”

    Gənc nəslin milli-mənəvi dəyərlərimizə məhəbbət ruhunda böyüməsini Heydər Əliyev ən ümdə vəzifələrdən biri hesab edirdi: “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.”

    Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində Ulu Öndər Azərbaycanın hər bir vətəndaşına müraciətlə deyirdi: “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır.”

    Ümummilli Lider həm də müstəqilliyimizi dönməz etməyi tapşırırdı. “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir.”

    Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi: “Mən əminəm ki, biz Azərbaycanın müstəqilliyini qoruyacağıq, saxlayacağıq və gələcək nəsillərə müstəqil, yüksək iqtisadiyyata və potensiala malik olan bir dövlət bəxş edəcəyik.”

    “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş Respublika Sarayında keçirilən zirvə tədbirində – təntənəli mərasimdəki nitqində Ulu Öndərin söylədiyi sözlər hər birimizdə iftixar hissi döğurur: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”

    Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar müstəqil Azərbaycan dövləti ilə fəxr edirlər.

     

    Müəllif: Redaktor, 09:44

İsmarıclar bağlıdır.