Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Fev

    Allah Prezidentimizi qorusun, sağolsun Azərbaycan Ordusu,

    xocalıların qisası qiyamətə qalmadı

    Xocalıdan olan bir ailənin qonağıyıq. Xocalı adı gələndə acı xatirələrdən qovrulan, ürəkləri parçalayan kəlmələri çətinliklə dilə gətirən Kərəm kişinin ailəsində. Söhbətimiz kədərli və çox uzun olsa da, hər danışılan əhvalatdan sonra bu kəlmələri eşidirik: “Allah Prezidentimizi qorusun, şükürlər olsun bu günlərə. Allah Böyük Qələbəni bizə qazandıran şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

    Ermənistan baş nazirinin yalanlarına Prezident İlham Əliyevin tutarlı cavabları

    Rayonumuzun Hüsənli kəndində məskunlaşan Kərəm Abbasovla ilk söhbətimiz bu günlərdə Prezident İlham Əliyevin Münxenə səfəri, onun burada keçirdiyi görüşlər ətrafında oldu. O bildirdi ki, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları Aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasın gedişini çox diqqətlə izləyib. Kərəm kişi deyir ki, Paşinyanın uydurma çıxışını eşidəndə əsəbini cilovlaya bilməyib: “O cür yalan danışmaq nəinki dövlət rəhbərinə, heç balaca uşağa da yaraşmaz. İllərdir torpaqlarımızın altındakı sərvətlərimizi ermənilər və onların havadarları daşıyıblar. Evlərimizi qarət, məscidlərimizi təhqir ediblər. Əvəzində isə hər addımda mina basdırıblar. İşğal altında olan yerləri elə bir günə qoyublar ki, indi də insanlar mina partlaması nəticəsində ya həlak olur, ya şikəst qalırlar. Hələ utanmadan ermənilərin rastlaşdıqları humanitar böhrandan danışırlar”.
    Söhbətimizə Kərəm kişinin həyat yoldaşı Sitarə xanım da qoşulur: “Prezident İlham Əliyevin Münxendəki çıxışını dinlədikcə ürəyimiz dağa döndü. Prezidentimiz yaxşı dedi ki, “… Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər”.
    Bu fikri Kərəm kişi davam etdirdi: “Prezidentimiz yaxşı dedi ki, biz öz torpaqlarımızda vuruşurduq, ona görə Ordumuzda bir nəfər də fərari olmadı. Ermənilər isə silah-sursatı atıb qaçırdılar, çünki onlar özgə torpaqlardaydılar. 44 günlük müharibədə ermənilər dinc sakinləri də hədəfə alırdılar. Amma bu da bizim insanlarımızı qorxutmurdu”.
    Vətən müharibəsi günlərində və bundan sonra işğaldan azad edilmiş ərazilərə gələn xarici qonaqlar kimin humanist xalq, kimin isə təcavüzkar olduğunu gördülər. Ermənistan nə qədər səy göstərsə də, tarixin bu qara ləkəsini üzərindən silə bilməyəcək.

    Ailəsini qoruduğu üçün 30 günlük həbs edilib

    Kərəm kişi deyir: “Xocalının Cəmilli kəndində yaşayırdıq. Atam, anam, 4 körpə övladım və həyat yoldaşım. Ermənilərin həmişə bizə düşmən mövqedə olduğunu görürdük. Ancaq 1988-ci ildən başlayaraq vəziyyət lap pisləşdi. Xüsusilə kəndə ruslar gəlib yerləşəndən sonra hər anımız təhlükə içində keçirdi. Kəndimizdən Şuşaya bazarlığa, həkimə gedənləri avtobuslarda, maşınlarda gülləbaran edirdilər, heç kim ermənilərə güldən ağır söz demirdi. Amma biz onlara bir daş atdıqda, aləm qarışırdı bir-birinə.
    Sitarə xanım deyir ki, kəndin kişiləri uşaqlarımızı balta, yaba ilə qorumaq məcburiyyətində qalmışdılar. Çünki ruslar evlərdəki bütün silahları, hətta quş tüfənglərini də yığmışdılar. Bir dəfə ruslar yoldaşımın əlində bizi qoruduğu bir balaca silahı görüb, 30 gün onu Əsgəranda yatızdırdılar: “Bütün kənd Kərəmin müdafiəsinə qalxdı, etiraz elədilər, qardaşı irəli durub istədi onun aparılmasına imkan verməsin. Amma ruslar avtomatları bizə tərəf çevirdilər. Əlacsız qalıb, geri çəkildik”.
    Bəli, Kərəm kişiyə və onun doğmalarına, həmkəndlilərinə silah tuşlayan rus ordusunun əsgərləriydi. Vaxtilə Kərəm özü və onun kimi minlərlə azərbaycanlı bu ordu sıralarında xidmət et-mişdi. Onlar ağıllarına belə gətirə bilməzdilər ki, vaxt gələcək, həmin bu ordu bütöv bir şəhəri yerlə-yeksan edəcək…
    Sitarə xanım deyir: “Əlimizi tamam üzmüşdük. Kərəmin sağ qayıdacağına ümidimiz qalmamışdı. Amma bir dəfə paltarlarının arasında gizlincə göndərdiyimiz kibrit çöpünü isladıb yazmışdı: Salamatam. Bundan sonra ona uşaqların yığdığı bir ovuc fındıq göndərmişdik. O isə həmin fındığı yeməmişdi. Çünki bilirdi ki, kənd mühasirədə ol-duğu üçün, bazarlıq edə bilmirik, ailə korluq çəkir. Əsgərandan qayıdanda, həmin fındığı da gətirib uşaqlara verdi”.
    Kərəm kişini həbsdən azad etdilər. Ancaq 30 gün ərzində verilən işgəncələr sağlamlığını əlindən aldı və orada tapdığı ağrılar bu gün də ona əzab verir.

    Neçə illər keçsə də, Cəmillidə baş verənlər unudulmur

    Sitarə xanım deyir: “Bu gün ermənilər dünyaya car çəkirlər ki, Şuşa-Laçın yolu bağlıdır. Halbuki, onlar çox rahat və mədəni şəkildə istədikləri vaxt həmin yolu keçə bilirlər.Amma biz həmin illərdə (1988-1992) həqiqi mühasirədəydik. Yadımdadır, bir dəfə həmkəndlilərim “UAZ” markalı maşınla Şuşaya bazarlığa getmişdilər. Geri qayıdanda kiminin meyiti gəldi, kimi isə yaralanıb ömürlük şikəst qaldı. 6 yaşlı Maya anasının qucağında oturmuşdu. Güllə anaya dəyib öldürmüş, sonra uşağa keçmişdi. 9 uşaq atası Tahir şəhid oldu, Əyyubun bir ayağı, bir qolu kəsildi. Ermənilərin törətdikləri vandallıq bunlarla bitmir. Baş verən hadisələr xatırlandıqca sanki həmin anları yenidən yaşayırıq.
    Həmin avtobusun gülləbaran edilməsindən sonra qaynanamla qaynatam infarkt keçirdilər, buna baxmayaraq, onlar kəndi tərk etmək istəmirdilər, axı, illərin zəhmətilə ev-eşik düzəltmişdilər.
    Kərəm kişi deyir ki, ailədə 7 uşaq olmuşuq, 5 bacı, 2 qardaş. İndi hərəmiz bir yana səpələnmişik. Valideynlərimiz isə baş verənlərə tab gətirməyib, dünyalarını dəyişdilər.

    Ailədə köhnə şəkillər niyə yoxdur?

    Sitarə xanımdan ailədəki köhnə albomları istədik. Sanki qadının üzünü qara buludlar örtdü. Dedi: “Albomları soruşursunuz. Dolu evimizdən bir su camı da götürə bilmədik. Atam mənə yaxşı cehiz vermişdi. Elə özümüz də halal zəhmətimizlə gözəl ev-eşik düzəltmişdik. Sonradan eşitdik ki, qarət etdiklərini götürüblər, ürəkləri soyumayıb, ev-eşiyi də tamamilə dağıdıblar, hətta ağacları da güllələyiblər. Axı, erməni bunların qədrini necə bilərdi, özü əziyyət çəkməmiş, ev tikməmişdi”.
    Kərəm kişinin cavanlığından bir ədəd əsgərlik şəkli var. Bu şəkil təsadüf nəticəsində qohumlarının albomunda qalıb.
    Yenə də o dövrə qayıdırıq. Kərəm kişi deyir: “Xocalı faciəsi hələ baş verməmişdi. Amma hər şey buna doğru gedirdi. Kənd mühasirədəydi. Bir günümüz belə faciəsiz ötüşmürdü. Uşaqlar çox kiçik idilər.Teymurun 10 yaşı vardı, o birilər isə lap balacaydılar. Onları həyətə-bacaya buraxa bilmirdik. Ermənilər dərhal vururdular. Evin bir küncünə yığışıb səhəri atışma altında dirigözlü açırdıq. Nəhayət, qərara aldım ki, ailəmizi helikopterlə (o zaman vertolyot deyirdilər) Tərtərin Hüsənli kəndində yaşayan qohumlarımızın yanına aparıb, özüm kəndə qayıdım. Çətinliklə də olsa, Hüsənliyə gəlib çıxdıq. Ancaq geri dönə bilmədim. Xocalı faciəsi baş verdi…

    30 ildən artıqdır ki, onlar doğma yerlərin həsrəti ilə yaşayırlar

    Azərbaycanlıların qanındadır. Dar gündə insanlar bir-birinə dayaq olurlar. Həmin dövrdə Hüsənli kəndində məcburi köçkünlərin sayı çox olsa da, insanlar hər bir ailəyə kömək əlini uzadırdılar. Abbasovlar ailəsini də qohumları öz evlərində yerləşdirdilər. Lakin tezliklə Kərəm kişi anladı ki, uşaqlara yaşamaq üçün yenidən şərait yaratmalıdır. Kənddən torpaq alıb, əvvəlcə qazma dam düzəltdi, sonra kərpic kəsib ev, mal-heyvan saxlamağa tövlə tikdi. Uşaqlar da yavaş-yavaş böyüyüb, valideynlərinə kömək oldular.
    Sitarə xanım deyir: “Uşaqların 4-ü də Azərbaycan Ordusunda layiqincə xidmət edib, evimizə qayıdıblar. 4-nə də toy etmişik. İndi özləri də ailə, övlad sahibidir, halal zəhmətlərilə dolanırlar. 10 nəvəmiz var”.
    Buna baxmayaraq, ötən hər gün doğma kəndin həsrətilə yaşanır. Deyirlər ki, kəndimizə qayıtmaq mümkün olsa, ayaqyalın, başaçıq qaçıb o yerlərə gedəcəyik.
    Kərəm kişi deyir: “Hüsənli kənd qəbiristanlığında arzusuna çatmayan neçə-neçə Xocalı sakini uyuyur. Hər dəfə onları dəfn edəndə, ölümlərindən betər ürəklərindəki Vətən həsrəti bizi yandırıb-yaxır”.
    Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə xocalıların da solmuş ümidlərini göyərtdi. Bu gün onlar deyirlər ki, İlham Əliyev kimi Prezidenti olan xalq heç zaman ruhdan düşməməlidir. Əminik ki, Şuşa, Ağdam, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl və işğaldan azad edilmiş digər rayonlarımız kimi, Xocalı rayonu da yenidən tikiləcək, qurulacaq.
    Onu da qeyd edim ki, bir neçə il əvvəl Abbasovlar ailəsi həyətlərində yeni ev tikdirməyə başlamışdılar. Lakin indi tikintini dayandırıblar. “Qismət olar, Xocalıda öz əllərimizlə əvvəlkindən də yaxşı ev tikərik”, – deyir Kərəm kişi.
    Biz də inanırıq ki, bu, belə də olacaq.

    Svetlana  BAĞIROVA

    Müəllif: Redaktor, 14:01

İsmarıclar bağlıdır.