“Xocalının səsi” Tərtərdə çap olunurdu
Müharibə dövrü Xocalı üçün çox vacib sayılan ”Xocalının səsi” qəzeti öz nəşrini dayandırmışdı. O vaxt bizim Tərtər qəzetinin mətbəəsi və yaradıcı redaksiya heyəti “Xocalının səsi”nə öz kömək əlini uzatmışdı. Bu haqda rayon mətbəəsinin təcrübəli işçisi, 1970-ci ildən həmin sahədə çalışan Kəlam Əliyevin söylədikləri maraq döğurduğuna görə, qəzetimizin əməkdaşı onunla görüşərək müsahibə almışdır. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
–Kəlam müəllim, biz bilirik ki, müharibə dövründə “Xocalının səsi” qə-zetinin Tərtərdə çıxmasına şəxsən Siz kömək etmişsiniz. Xahiş edirik bu barədə məlumat verəsiniz.
–Yaşadığımız rayon da cəbhə bölgəsi olduğu üçün Xocalı qəzetinin rast gəldiyi çətinliklər, onun nəşri ilə bağlı problemlər bizə yaxşı tanış idi. Ona görə də həmkarlarımızı darda qoymadıq, “Xocalının səsi”nin respublikaya yayılmasına yardımcı olduq. Qnda hələ Xocalı faciəsi baş verməmişdi.
Qəzetin redaktoru Sərdar Mehdiyevin dediyinə görə, o zaman nəşr üçün dövlət orqanlarına müraciət edilsə də kömək göstərilməmişdi. Əlac yenə özlərinə qalmışdı. Bərdə mətbəəsi “Xocalının səsi”ndən üz döndərmiş, ona görə də həmkarlarımız Tərtərə üz tutmuşdular. Fevralın ilk günlərindən (1992-ci il) qəzet Tərtərdə çap olunmağa başladı. Qəzetin kollektivilə yaxın münasibətdə olduğumuz üçün onların dərd-sərlərini yaxşı bilirdik. O vaxtlar əməkdaşlar tərəfindən qəzetin Xocalıya necə çətinliklə çatdırıldığının canlı şahidiyik. “Xocalının səsi” özünə “Torpaq, haqq, ədalət uğrunda” devizini seçmişdi. Onlar baş verəcək faciəni əvvəlcədən görürdülər. Ancaq bütün çağırışlara əhəmiyyət verilmədi və bu dəhşətli faciə törəndi. Xocalı xəyanətin qurbanı oldu, xocalılar torpaq, haqq, ədalət yolunda şəhid oldular. Onların arasında qəzetin əməkdaşı Şöhrət Həsənov da vardı. Həmin müdhiş gecənin səhəri “Xocalının səsi” öz hüznlü və intiqamla dolu qəzəbli səsini məhz Tərtərdən ucaldaraq respublikaya yaydı. Ancaq bu çox çəkmədi. Tərtər döyüşən rayon olduğu üçün ermənilər martın 19-da (1992-ci il) şəhəri raketlərdən, toplardan güclü atəşə tutdular. Həmin gecə Tərtər mətbəəsi də atılan mərmilərdən dağıldı. Bunun nəticəsində “Xocalının səsi”, eyni zamanda bizim “Tərtər” qəzeti də üç ay susdu. Beləliklə bizdən asılı olmayan səbəblərdən “Xocalının səsi” ilə əlaqəmiz üzüldü.
–Kəlam müəllim, qəzetin sonrakı taleyi ilə maraqlandınızmı?
–Öz qəzetimiz üç aydan sonra nəşrə başlayarkən onlarla yenə maraqlandıq və öyrəndik ki, “Xocalının səsi”nə əvvəl “Səhər” qəzetinin kollektvi kömək edib, sonra isə Gəncədəki “El gücü” çoxsahəli şirkət bütün xərcləri öz üzərinə götürüb. Daha sonra isə qəzetə kömək edənlərin sayı xeyli artdı.
–Kəlam müəllim, müharibə dövründə, yəni atəşkəsdən əvvəl Tərtər mətbə-əsində daha hansı qəzetlərin çap edilməsinə kömək göstərilmişdir?
–İşğaldan sonra “Zəngilanın səsi” və “Ağdərə” qəzetlərini də biz çap etmişik.
–Müsahibəyə görə sağ olun!
(20 fevral 2006-cı il tarixli
“Yeni Tərtər” qəzetindən)