Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Fev

    Bu günlərdə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon təhsil sektorunun təşkilatçılığı ilə Gənclər və İdman İdarəsinin inzibati binasında rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.
    Rəsm müsabiqəsinə məktəblilərin çəkdiyi 36 rəsm təqdim olunub.
    Rayonun Gülabatlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Sarıyeva Könül Natiq qızı I yerə, Əskipara kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Salmanzadə İlkin Əlövsət oğlu II yerə, Səhlabad kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Babayev Yusif İlham oğlu III yerə layiq görülüblər. Qaliblərə YAP Tərtər Rayon Təşkilatı tərəfindən Təşəkkürnamə təqdim olunub.
    Əməkdaşımız Elfuzə Vəliyeva müsabiqədə I yerə layiq görülən Könül Sariyevanı redaksiyamıza dəvət edərək, onun haqqında yazı hazırlayıb.

    Rəsm yarışmasının qalibi

    Könül Sarıyeva əmisi, Birinci Qarabağ Müharibəsi şəhidi Ərşad Sarıyev adına Gülabatlı kənd tam orta məktəbin 8-ci sinif şagirdidir. Dərs əlaçısıdır. Könülgil ailədə 3 uşaqdırlar – 2 qardaş, 1 bacı. Hər üçü həm ailənin, həm də təhsil aldıqları məktəbin fəxridirlər.
    2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi hamı kimi bu çalışqan şagirdlərin də məsuliyyətini artırmışdır. Bu yaxınlarda “Heydər Əliyev ili”nə həsr olunmuş ümumtəhsil məktəbləri arasında keçirilən rəsm yarışmasında Könül Sarıyeva da iştirak edib. O, ağ parça üzərində fonda Azərbaycanın xəritəsi üzərində Ulu Öndər Heydər Əliyevin portretini işləyərək yarışmanın qalibi olub və birinci yeri tutub. Bununla əlaqədar Könüllə əlaqə saxlayıb fikirlərini öyrəndim. Söhbət zamanı məlum oldu ki, onun rəsmləri 5-ci sinifdə oxuduğu vaxtdan sərgilənir. “Şuşa ili” ilə əlaqədar “Xarı bülbül”, Xocalı hadisələrinə həsr olunmuş”Ana və övladı” tikmələri müvafiq müsabiqələrdə ona uğurlar qazandırıb. Rəsm çəkmək, parçalar üzərində onları işləmək Könülün boş vaxtlarının məşğuliyyəti hesab olunur. Bu işdə anası Ülviyyənin köməkliyi olub. “Könlüm keçir Qarabağdan“, “20 Yanvar” onun sevə-sevə işlədiyi rəsmlərdir.
    Könül dərslərini də yorulmadan hazırlayır. İntellektual yarışmalarda, sınaq imtahanlarında qazandığı uğurlar – aldığı “Diplom”, “Tərifnamə”, “Sertifikat” gündən-günə daha yaxşı çalışmasına səbəb olur. Axı, Könülün arzusu gələcəkdə hüquqşünas olmaqdır. Sərgilənən rəsmləri isə onun dərslərindən əlavə uğurudur.

    Müəllif: Redaktor, 11:31

İsmarıclar bağlıdır.