Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Fev

    19 yaşında ən ali hərbi təltif alan Azər Abdullazadənin həyat yolu gənclər üçün əsl nümunədir

    Vətən müharibəsində neçə-neçə gənclərimizin qəhrəmanlıqlarını gördük, eşitdik. Onların döyüşlərdə göstərdikləri şücaət, qorxmazlıq, düşmənə sinə gərərək hər qarış torpaq uğrunda qorxmadan irəli atılmaları qəhrəmanlıq dastanına döndü. Həmin gənclərin fədakarlığı müharibədən sonra dövlət başçısı tərəfindən yüksək qiymətləndirildi, onlar Vətən müharibəsindəki qələbə münasibətilə təsis edilən orden və medallarla təltif edildilər.
    44 günlük müharibədə öz igidliyi ilə fərqlənən gənclərdən biri də Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadədir.

     

                                         Müharibəyə könüllü qoşulan gənc əsgər

     

     

     

     

     

    Azər Abdullazadə 2001-ci il fevralın 18-də Tərtərin Cəmilli kəndində anadan olub. İlk təhsilini kənd tam orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra Tərtər Rayon Həbi Komissarlığından əsgərliyə yollanan Azər orada tankçı kimi xidmət edib.
    Deyir ki, ordudan ehtiyata buraxılmasına bir neçə gün qalmış Vətən müharibəsi başlayıb. Həmin günləri belə xatırlayır: “Sentyabrın 27-də səhər saatlarında tankları təmizləyən vaxt hərbi hissədə “həyəcan” siqnalı verildi. Əvvəlcə bunun təlim üçün verilən siqnal olduğunu düşündük. Amma çox keçmədən Ermənistanın cəbhə xəttində hərbi təxribat törətdiyi və ordumuzun düşmənin hücumlarının qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başladığı xəbəri verildi. Əmrə əsasən, biz Füzuli istiqamətində irəliləməli idik. Müharibə, “həyəcan” siqnalı bizi qətiyyən qorxutmadı. Hamıda yüksək əhvali-ruhiyyə var idi. Hər kəs torpaqlarımızın işğaldan azad olunduğu günün artıq yetişdiyini, qisasımızı alacağımızı düşünürdü. Bu düşüncələrlə də döyüşlərə atıldıq. İlk saatlardan düşmənin onlarla ağır hərbi texnikasını və müxtəlif nəqliyyat vasitələrini məhv etdik, düşmənin ön xətt mövqelərini yardıq, çoxsaylı canlı qüvvəsini məhv etdik. Bir neçə gün Füzulinin kəndlərində döyüşdük. Sentyabrın 30-da isə Füzuli istiqamətində döyüşdə idarə etdiyim T-90 tankı minaatanla vuruldu və mən yaralandım”.
    Azər yaralansa da, döyüş tapşırığını sona qədər yerinə yetirməyi bacarıb. Ax-şam isə onu Füzuli rayonunun Əhmədbəyli kəndindəki hospitala aparıblar: “Cəmi bir gün hospitalda müalicə aldıqdan sonra öz istəyimlə yenidən hərbi hissənin arxa bölməsinə gəldim. Amma orada qala bilmədim və hərbi hissə komandirinin icazəsi ilə ərzaq maşını ilə ön xətdəki böl-mələrimizin yanına qayıtdım”.
    Bölüklərin tank heyətləri tam komplektləşdirilsə də, əvvəlki uğurlu döyüşü nəzərə alınaraq Azəri hərbi hissənin ikinci bölüyünün tərkibinə salıblar. Yenidən döyüşlərə qatılan əsgərimiz növbəti dəfə Füzulinin bir neçə kəndi uğrunda gedən döyüşlərdə iştirak edib.
    Azər həmin döyüşləri belə xatırlayır: “Ermənilər geri çəkilsələr də, arxadakı eşelonlarda mövqe tutmuşdular. Hərbi hissəmizin döyüş əmri həmin ərazilərdəki atəş nöqtələrini məhv etmək, piyada motoatıcı bölmələrimizin hücumlarını dəstəkləmək idi. Durmadan irəliləyirdik. İtkimiz olsa da, tanklarımız vurulsa da, düşməni qovur, canlı qüvvəsini və texnikasını məhv edirdik”.
    Uzun illər ərzində düşmən burada mürəkkəb müdafiə mövqeyi qurub, mühəndis-istehkam qurğularını möhkəmlətmişdi. Bu baxımdan müharibənin ilk günlərində müdafiə xəttini yarmaq olduqca çətin olsa da, ordumuz bu tapşırığı müvəffəqiyyətlə yerinə yetirir və düşməni qaçmağa məcbur edirdi. Bununla da düşmənin “keçilməz sədd” mifləri dağılırdı.

                                           Ali Baş Komandanın müraciətləri bizi ruhlandırırdı

    Daha sonra Cəbrayıl uğrunda döyüşlərə qatılan Azər bir neçə kəndin azad edilməsində iştirak edib: “Xüsusi təyinatlı bölmələrlə birlikdə oktyabrın əvvəllərində Cəbrayıl şəhəri istiqamətində hücuma keçdik. Qrupumuz irəliləyərək rayonun Şükürbəyli kəndinin yaxınlığında mövqe tutdu. Kənddən bir yol Cəbrayıl şəhərinə gedirdi, digər yol isə Zəngilan və Qubadlıya aparırdı. Hər iki istiqamətdə gedən döyüşlər zamanı düşmənə sarsıdıcı zərbələr vurduq”.
    Onlara Cəbrayılda yerləşən düşmən alayının yerləşdiyi hərbi hissənin alınması tapşırığı verilir və bu tapşırığın da öhdəsindən uğurla gəlirlər. “Bizim tank hərəkət edərək yüksəklikdə mövqe tutdu. Ermənilər hərbi hissədə idilər. Ərazinin tam müşahidəsini həyata keçirdikdən sonra hərbi hissəni tank atəşinə tutmağa başladıq. Bu vaxt ermənilər gizlənmək üçün toplu şəkildə hərbi hissədəki binalara doluşdular. Həmin binaları yerləyeksan etdik. Bir neçə dəfə bizi hədəf almağa çalışsalar da, alınmadı. “Ural” avtomaşınına doluşan ermənilər qaçmaq istəyirdilər. Bu an sərrast atəşlə maşını əsgərlərlə birlikdə göyə uçurdum. Bu vaxt kənardan maşının vurulduğunu görən 30-a yaxın erməni bir qədər aralıdakı sığınacağa doluşdu. Növbəti atəşlə isə sığınacağı darmadağın etdik. Ümumilikdə, bu döyüşdə tankla ermənilərin bir zirehli texnikasını, iki “Ural” avtomaşınını və bir “UAZ” avtomobilini məhv etdik, 3 atəş nöqtəsini susdurduq. Məhv etdiyimiz erməni hərbçilərinin sayı çox idi. Döyüşçülərimiz hərbi hissəni ələ keçirdi. Biz isə geri qayıdaraq tanklara yeni mərmilər yüklədik. Bundan sonra Cəbrayıl şəhəri də azad edildi və mən düşmənin bir zirehli texnikasını qənimət götürdüm. Bütövlükdə, Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatını, döyüş və avtomobil texnikasını ələ keçirdik. Bu döyüşlərdə Cəbrayılın Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad, Horovlu, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildi. Müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyə nəzarəti ələ keçirdik”, – dedi Azər.
    Qəhrəmanımızın sözlərinə görə, döyüşlər vaxtı televiziya verilişlərinə baxmaq, radionu dinləmək imkanları olmasa da, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərindən xəbərdar olmuşlar və bu, on-ları ruhlandırırmış, tapşırıqları daha inamla yerinə yetirməyə, daha da irəli getməyə sövq edirmiş.

                    Mehriban xanım davamlı olaraq bizim vəziyyətimizlə maraqlanırdı
    Oktyabrın 11-nə kimi bütün döyüşlərdə iştirak edən Azərin olduğu tank həmin gün Cəbrayılın Hacılı kəndi istiqamətində düşmən tərəfindən vurulur və o yaralanır.
    “Bizim tankımızı düşmən vurdu. Sonra tankda yanğın başladı. Həmin an aldığım zərbədən və gözlərimə dolan qəlpədən görmə qabiliyyətimi itirdim. Hər iki gözümdə ağrı həddindən artıq çox idi, ona görə gözlərimi silə bilmirdim. Sağ gözümdə isə ağrı daha kəskin idi”, – deyə həmin günü xatırlayan Azər deyir ki, daha sonra tankın içi alışmağa başlayıb və onun formasına keçib. Ağır yaralanmasına baxmayaraq, həmin an çölə çıxmaq üçün tankın lükunu açıb, amma vurulacağını, ya da əsir düşəcəyini düşünərək tankdan çıxmayıb. Çox qan itirdiyinə görə huşu gedir, gözləri görmür, düşmənə əsir düşməmək üçün özünü silahı ilə öldürmək istəyir. Bu zaman tanış səs eşidir.
    “Bu vaxt yaxınlıqdan səs gəldi. Kimsə deyirdi ki, lüku aç. Ağrıdan hərəkət edə bilmirdim, çətinliklə olsa da, açdım. Gözlərim görmürdü, səsindən bildim ki, bizim mexanik sürücüdür. O məni yanan tankın içindən çıxartdı, paltarım, demək olar ki, yanmışdı. Məni tez düşürüb yerə uzatdı, üstümü torpaqla örtdü ki, paltarımdakı yanğın sönsün. Sonra məni yerlə bir neçə metr sürüyüb döyüş yerindən çıxartdı”.
    Çox qan itirdiyindən huşu gedən Azəri əvvəlcə Füzulidəki Əhmədbəyli hospitalına aparıblar. İlk əməliyyatı burada baş tutan əsgərin vəziyyəti ağır olduğundan Bakıya təxliyə olunub. Dörd gün komada qalan Azər Abdullazadə yaddaşını itirdiyindən və gözündən aldığı zədələrdən dolayı başqa hospitala köçürülüb. Göz və üz əməliyyatı keçirib. Sağ gözündən ağır yaralandığı üçün görmə qabiliyyətini itirib.
    Azər gözündən, aldığı qəlpə yaralarına görə müxtəlif nahiyələrdən, ümumilikdə, 8-9 dəfə əməliyyat keçirib. Onun sözlərinə görə, müalicə müddətində Birinci vitse-prezident Mehriban Əliyevanın böyük diqqət və qayğısını hiss edib: “Mehriban xanım davamlı olaraq bizim vəziyyətimizlə maraqlanırdı. Müalicəmizi şəxsi nəzarətinə götürərək, bütün lazımi tədbirləri görürdü. 2020-ci ilin dekabrında hospitaldan evə buraxıldım”.

                                                      Vətən Müharibəsi Qəhrəmanı
    Azər Vətən Müharibəsi Qəhrəmanı adı alması xəbəri ilə də bağlı təəssüratlarını bölüşdü. Deyir, dekabrın 9-da axşam saatlarında komandiri, polkovnik-leytenant Firdovsi Bəyovla danışıb, şad xəbəri də elə ondan alıb: “Komandirimə zəng etdim. Səsindən hiss etdim ki, çox sevinclidir. Məni təbrik etdi və dedi ki, Ali Baş Komandan İlham Əliyev sənə “Vətən Müharibəsi Qəhrəmanı” adı verib. Həmin an çox qürurlandım”.
    Göstərdiyi şücaətə və qəhrəmanlığa görə Azər həm də “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
    Elə gənc əsgərimizin dediyi kimi, bu, əsl şücaətdir, hətta qəhrəmanlıq nümunəsidir. 19 yaşda heç nədən qorxmadan, aldığı yaralara baxmayaraq, yenidən döyüşə qayıtmaq istəyi, cəsarətliliyi əsl vətən sevgisi, eşqidir.
    Onda vətənə sevgini aşılayan həm də atasının və əmisinin Birinci Qarabağ müharibəsində iştirakıdır. Azər danışır: “Atam Rizvan Abdullayev Birinci Qarabağ müharibəsində iştirak edib, birinci qrup əlildir. Əmim leytenant Natiq Abdullayev isə Ağdərə istiqamətində şəhid olub, o, hərbi həkim idi. Mən də hər zaman onlar kimi olmaq istəyirdim”.
    Azər 44 günlük savaşda iş-tirak edərək göstərdiyi igidliyə, döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə ən ali hərbi təltif alan üç gənc əsgərdən biridir.
    19 yaşlı Azər Abdullazadənin döyüş yolu, Vətən sevgisi gənc nəslə nümunədir. Vətənimizin keşiyində belə oğullar durur. Qorxmaz, ərən, düşməni lərzəyə salan, bir qarış torpağı üçün canından keçməyə hazır olan igidlər…
    Bu, vətənpərvərlik ruhunda yetişdirilən gənc nəsil-dir. O gənc nəsil ki, dədə-babalarından miras qalan torpaqları göz bəbəkləri kimi qorumağı özlərinə borc bilirlər.

    Əsmər Qardaşxanova,
    “Azərbaycan”

     

    Müəllif: Redaktor, 11:10

İsmarıclar bağlıdır.