Şəhərimizdə abadlıq, təmizlik işləri ilboyu dayanmır. Yazqabağı günlərdə isə bu işlər daha böyük həvəslə görülür. Hazırda küçələrin abadlaşdırılması ilə yanaşı ağacəkmə kampaniyası böyük vüsət alıb.
Yenilənən, gözəlləşən məkanlardan biri də şəhərimizdəki Sabir parkıdır. Bu günlərdə parkda görülən işlərlə tanış olmaq üçün burada olduq. Ətraf mənzərə göz oxşayırdı. Tərtər Rayon İcra Hakimiyyəti Aparatında Memarlıq və Tikinti şöbəsinin baş memarı Tofiq Kərimovdan görülən işlər barədə məlumat verməsini xahiş etdik. O dedi:
– Sabir parkı yeni baharı tamamilə yeni görkəmdə qarşılayacaq. Belə ki, burada olan köhnə tamet daşları və bardürlər sökülərək yeniləri ilə əvəz olunur. Yaşıllıq zolaqlarına münbit torpaq tökülərək, burada yeni ağaclar əkilib, yaşıllıq salınıb. İstinad divarları bəzək daşları ilə yenidən bərpa olunub. İşıqlanma sistemi müasir tələblərə cavab verən səviyyədə qurulub.
Biz parkda olarkən ətraf binaların uşaqları parkın ərazisindəki yeni görkəm alan söhbətçələrdə oturub nə barədəsə müzakirə aparırdılar. Onlar bildirdilər ki, parkın abadlaşdırılmasına çox sevinirlər. Yaxşı hava olanda bəzən elə dərslərini də burada hazırlayırlar.
Şəhər sakinlərinin ən çox ürəyincə olan məqamlardan biri də görkəmli satira ustasının və onun əsərlərinin satirik personajlarının büstlərinin rənglənib qaydaya salınmasıdır. Bunun özü bir gözəllik olmaqla yanaşı, həm də keçmişimizə, mədəniyyətimizə hörmət əlamətidir.
Qeyd edək ki, sakinlərin istirahətinin nümunəvi təşkili üçün ərazidə yerləşən 2 iaşə obyektində də təmir işləri aparılıb və səliqə-səhman yaradılıb. Həmçinin parkın qarşısındakı səkilərdə təmir işləri görülüb, ətraf abadlaşdırılıb, yeni ağaclar əkilib.
Görülən bütün işlər qəhrəman tərtərlilərin istirahəti üçündür. Həm də rayonumuzun qonaqları da Sabir parkında yaradılan şəraitdən razı qalacaqlar.
Svetlana Bağırova