Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan

    Deyirlər ki, insan ömrü yaşanan illərlə deyil, bu illərin mahiyyəti ilə ölçülür.Bu, həqiqətən də belədir. Bəzən lap gənc yaşlarında həyatın əsl  fəlsəfəsini anlayırsan. Qazimiz, hamımızın sevimlisi Misir Axundov kimi.

    Cəmi 22 yaşı var Misirin. Bu 22 ildə nələri görməyib? Dəfələrlə ölümlə üz-üzə dayanıb. Həkimlərin əli ondan üzülsə belə, özü həyat uğrunda mübarizəsini dayandırmayıb, bütün ağrı-acılara qalib gəlb. Qalib gəlib ki, valideynlərinə oğul toyunun sevincini bəxş etsn, evlərindən nəvə səsi eşidilsin.
    Bu gün Misir Axundovu təkcə Tərtər rayonunda deyil, Azərbaycanın hər bir guşəsində tanıyır və sevirlər
    O, 2019-cu ilin iyul ayının 5-də həqiqi hərbi xidmətə çağırılıb. Müharibə başlayanda, Bakıda xüsusi təyinatlı həmlə əməliyyat taborunda xidmət edirdi. Sentyabrın 27-də tərkibində olduğu hərbi hissə Füzuliyə gətirilərək qızğın döyüşlərə qatılır. Bir-birinin ardınca uğurlu əməliyyatlar yerinə yetirilir. Bu hərbi əməliyyatların qələbə ilə başa çatmasında gənc kəşfiyyatçı Misir Axundovun da böyük payı vardı. Qorxmaz, igid döyüşçü hər dəfə rabitəçi yoldaşı ilə kəşfiyyata gedərək irəlidəki ərazi, düşmənin koordinatları barədə hərbi hissəyə dəqiq məlumatlar verirdi.
    Bu barədə Misir belə danışır: “Hər addımda ölümlə üzləşirdik. Kəşfiyyat-dan geri dönməyimiz yeni həyatımızın başlanğıcı hesab olunurdu. Amma bu, bizdən ötrü əhəmiyyətli deyildi. Əhəmiyyətlisi məqsədimiz idi. Biz yalnız verilən tapşırıq barədə düşünür, qarşıdakı döyüşün uğurlu keçməsindən ötrü var qüvvəmizlə çalışırdıq”.
    Oktyabrın 2-də Misir rabitəçi yoldaşı ilə növbəti dəfə kəşfiyyata getmişdi. Həmin günü qazimiz belə xatırlayır: “Yoldaşım yaralandı, mən ona ilk tibbi yardım göstərdikdən sonra ratsiyanı da götürüb, irəli getməyə başladım. Bü-tün fikirlərim qarşıdakı döyüş barədəydi. Düşünürdüm ki, ərazini dəqiq ölçüb, yoldaşlarıma məlumat ötürməliyəm. Beləliklə 150 metr məsafədə irəliləyə bildim. Lakin düşmən artıq yerimi öyrənmişdi. Çünki bir neçə dəfə qarşıma çıxan erməni əsgərlərini zərərsizləşdirmişdim”.
    Yanına düşən top mərmisinin partlaması nəticəsində Misir ölümcül yaralanır. O, bir gün neytralda, 3 gün morqda, 20 gün komada qalır. Qazimiz bu barədə belə deyir:
    – Mənimlə bərabər 7 nəfər şəhidimiz vardı.Bizi morqa gətirmişdilər. Möcüzə nəticəsində yenidən həyata qayıtmağım mümkün oldu. Şəhidimizin birinin atası oğlunu aparmağa gələndə barmağımı tərpətdiyimi görüb və mənim sağ olmağım barədə məlumat verib.
    Bundan sonra Misiri Bakıya, Mərkəzi Kömrük Hospitalına göndəriblər. Başından ağır əməliyyat keçirib. Nəfəsi olsa da, koma vəziyyətində yaşayıb. Hospitalın həkimləri ölünü diriltdiklərini söyləyiblər. Lakin onun yaşayacağına ümidləri çox az olub.
    Misir deyir ki, komadan ayılanda yanımda tibb bacısını gördüm. İlk anlarda əlbəttə ki, harada olduğumu başa düşmədim. Lakin Hicran xalanın xoş sözləri, telefonda buranın Azərbaycan olduğunu izah etməsi məni sakitləşdirdi.
    38 gündən sonra hospitaldan evə buraxılan qazi bir müddət Bakıda qalıb, 1 aydan sonra isə Tərtərə gətirilib. Tərtərdə qarşılandığı günü ömrünün ən qürurlu anları hesab edir Misir.
    Bu barədə deyir:
    – Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova, şəhid valideynlərinə, qazi yoldaşlarıma, bütün tərtərlilərə təşəkkür edirəm. Ən çətin vaxtlarımda mənim və ailəmin yanında olublar, bizi dəstəkləyiblər. Qazilərimizə bu münasibət və qayğı fəxr etdiyimiz Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən özünün və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısından irəli gəlir. Ailəmiz adından onlara sonsuz təşəkkürümü bildirirəm.
    Keçmiş ombudsman Elmira Süleymanovanın, akademik Vaqif Abbasovun da mənim həyatımda xüsusi rolu olduğunu qeyd etmək istəyirəm.
    Dəfələrlə Misirin vəziyyəti pisləşib, komaya düşüb və ikinci dəfə hospitalda başından neyrocərrahiyə əməliyyatı olunub.
    – Həyatımda kədərli və sevincli hadisələr bir-birini əvəzləyir, – deyə Misir söhbətinə davam edir. Yaralanmağım və ölümdən qayıdıb, möhtəşəm Qələbəmiz haqqında eşitdiyim xəbər, komadan sonra məni sevib bəyənən və qazinin həyat yoldaşı kimi şərəfli, eyni zamanda ağır bir yolu bərabər addımlamağa razılıq verən Şəbnəm xanımla ailə qurmağım, yenidən əməliyyat və Uca Yaradanın bəxş etdiyi daha bir sevinc – övladım Şəmsin dünyaya gəlişi.
    Qazi Misir Axundovun Bərdə rayon xəstəxanasından qızı Şəmslə qədəm qoyduğu ilk məkan Şəhidlər Xiyabanı oldu. Onun şad gününə sevinənlər də Misirlə birlikdə burada idilər. Bu səhnəni izləyənlər kədər və sevinc yaşlarını gizlədə bilmədilər. Ölümlə həyat arasında mübarizədən qalib çıxmış əsgər övladına öz ömür hekayəsinin ilk səhifəsini danışırdı.
    Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Misir Axundov ”İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Baş nazir Əli Əsədovun Sərəncamı ilə isə ona “Vətən müharibəsi iştirakçısı” medalı verilib.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 12:43

İsmarıclar bağlıdır.