Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, ictimaiyyət nümayəndələri ilə birlikdə Dəmirçilər kəndində şəhid İsmayıllı Şamil Kamil oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan Ordusunun çavuşu İsmayıllı Şamil Kamil oğlu 1993-cü il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 20-də yaşadığı Tərtər rayonunun Dəmirçilər kəndində dəfn olunub.
Şəhid İsmayıllı Şamil sağlıqında “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” medalı, 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub
Şəhidin valideynləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.