Sevinc göz yaşları ilə qarşıladıq
Mən Oğuz yurdu Göyçə mahalının Basarkeçər rayonunun Kiçik Məzrə kəndində doğulmuşam. 20 yaşına kimi burada yaşamışam. 1988-ci ildə deportasiya nəticəsində ailəmiz kəndimizi tərk edərək Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşıb. Ailədə atam, anam və 6 övlad olmuşuq.
Göyçə mahalı Göyçə gölünün ətrafında təqribən 100 kilometr uzunluğu, 40 kilometr eni olan bir ərazini əhatə edir. Bu gözəl yer cənubdan Ağlağan, Təpəsidəlik, Çənlibel dağları və Səlim gədiyi ilə, şimaldan isə Murğuz, Şahdağ silsi-ləsi ilə əhatə olunmuşdur.
Bu yurdun qədim yaşayış məntəqələrimizdən biri olmağı barədə Prezident ilham Əliyev deyib: “Göyçə, Zəngəzur, İrəvan bizim tarixi torpaqlarımızdır. Biz, azərbaycanlılar, o torpaqlara qayıtmalıyıq və o torpaqlara qayıdacağıq. Biz tariximizi heç vaxt unutmamalıyıq”.
Bizim Kiçik Məzrə kəndinin tarixi XIV əsrin so-nu, XV əsrin əvvəllərinə təsadüf edir. Kəndin eni 3 kilometr, uzunluğu 4 kilometrdir. Kəndimizdə çoxlu qədim tarixi abidələr vardı. Bunlardan biri Alban türklərinin tarixindən bəhs edən, üzərində “Qrabar” əlifbası ilə yazısı olan Alban kilsəsidir. Bundan başqa, burada həmin əlifba ilə yazısı olan, alban türklərinin tarixindən bəhs edən xaç daşları vardı. Bala Məzrədə çox sayda müqəddəs ziyarətgahlar, pirlər olmuşdu. Bu gün oradakı müqəddəs ruhlar yolumuzu gözləyir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəni ailəmizdə hamı sevinc göz yaşları ilə qarşıladı. Bəli, müzəffər Ali Baş Komandan, dövlətimizin rəhbəri bir daha bütün dünya qarşısında bəyan etdi: ”Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməıliyik ki, bu hüququ təmin edək”.
İnanırıq ki, həmin gün gələcək. Mənim yaşlı valideynlərim o yerləri görmək üçün hər zaman Uca Yaradandan möhlət istəyirlər. Üç övladım var. Üçü də ali təhsillidir. İki oğlum şanlı Azərbaycan Ordusunun zabitləridir. Onlar da heç zaman görmədikləri yurd yerlərimizin həsrəti ilə yaşayırlar.
Biz Prezidentimizin ətrafında sıx birləşərək, döğma yerlərə qovuşacağımız tarixi yaxınlaşdırmaq üçün var qüvvəmizlə çalışacağıq.
Aqil Şərifov,
Bəyimsarov kəndi