Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Yan

    Kəskin respirator xəstəlikləri və bunların profilaktikası

    Kəskin respirator virusu infeksiyası yoluxucu virus xəstəliklərinin böyük bir qrupunu özündə birləşdirir. Bu xəstəliklər zamanı əsasən tənəffüs sistemi üzvlərinin selikli qişası zədələnir. Yaz, payız, qış aylarında bu xəstəliklərin intensivliyi artır. Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəb isə soyuğun təsirindən tənəffüz yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir. Bu qrup xəstəliklərə qrip, paraqrip, ade-novirus, rinovirus və respitator-sinsital virusların törətdiyi xəstəliklər aiddir.
    Kəskin respirator virus infeksiyası yer üzərində ən çox yayılan və epidemiyaya meyilli xəstəliklərdəndir. Hər il dünyada 1 milyarddan artıq insan bu xəstəliklərlə mübarizə aparır. Bunların 70 faizi uşaqların payına düşür. Xəstələnmə ən çox 2-4 yaşlı və məktəb yaşlı uşaqlar arasında olur. Bu yaşda uşaqların xəstələnmə səbəbləri, onların uşaq kollektivinə – məktəb və bağçalara getməsi ilə əlaqədardır.
    Bütün respirator virusların doğurduğu xəstəliyin ilkin əlamətləri, demək olar ki, eynidir: hərarətin tədricən qalxması, baş ağrısı, asqırma, öskürmə, iştahanın azalması, yuxunun pozulması, boğazda ağrı, göz almasında olan ağrılar və s. Viruslarla yoluxma asqırma, öskürmə zamanı milyonlarla virusun ətrafa yayılması zamanı baş verir. Bu zaman digər xəstəliklərin də (angina, uşaq serebral iflici, vərəm, böyrək xəstəliklərinin) kəskinləşməsi baş verə bilər.
    Bu xəstəliklərin müalicəsi də, demək olar ki, bir-biri ilə oxşardır. Xəstələrin müalicəsi adətən evdə aparılır. Belə xəstələr evdə sağlam insanlardan təcrid olunmalıdır. Müalicə simptomatik aparılır. Əgər hərarət 380 c qədərdirsə, onu aşağı salmaq məsləhət görülmür. 38.5 0 c– dən çoxdursa, hərarətsalıcı və fiziki üsullardan istifadə edilməlidir. Bunun üçün parasetamol və ya litelik qarışıqdan istifadə edilməlidir. Burun boşluğuna interferon və ya nazivin salınmalı, əzələ daxilinə qrip əleyhinə immunoqlobulin vurulmalıdır. Öskürək əleyhinə ambroksol, bromgeksin tipli dərmanlar verilməlidir. Əgər intoksikasiya davam edərsə, həkim məsləhəti ilə ona venadaxili dərmanlar təyin edilə bilər. Bu zaman müalicə ilə yanaşı uşaqlara ana südü, çoxlu miqdarda limonlu çay, meyvə şirələri verilməlidir. Antibiotiklər yalnız ağırlaşmalar (yalançı inağ, bronxopnevmoniya, otit, pnevmo-niya və s.) olduqda işlədilir.
    Kəskin respirator virusu infeksiyasının profilaktikası zamanı məktəblərdə, uşaq bağçalarında, müəssisələrdə dezinfeksiya tədbirləri aparılmalı, otaqların havası tez-tez dəyişilməli, qapı dəstəkləri və döşəmə xlorla silinməlidir.
    Sağlam insanlar kontakt zamanı burunlarına interferon tökməli, əlləri tez-tez sabunla yumalı, əzələ daxilinə qrip əleyhinə immunoqlobin vurmalıdır. Mövsümlə əlaqədar virus əleyhinə vaksinasiya tədbirləri aparılmalıdır. Bu, yaşadıığınız ərazidə tibb müəssisələri tərəfindən apa-rılır. Gündəlik olaraq tibbi maskalardan istifadə etmək, məsafə gözləmək yoluxma riskini azaldan vasitələrdəndir.
    Bu gün dünyada pandemiya kimi yayılan koronovirus infeksiyası da respirator virus infeksiyalarının bir növüdür. Sevindirici haldır ki, digər respirator infeksiyalardan fərqli olaraq uşaqların bu virusa yoluxması böyüklərlə müqayisədə çox azdır və onlar bu xəstəliyi yüngül keçirirlər. COVİD-19 infeksiyasının nəinki Azərbaycanda, eləcə də dünya miqyasında vurduğu geniş sahədə ziyanları hələ də müşahidə edirik. Yadda saxlayaq ki, xəstəlikdən qorunmaq, yoluxmamaq üçün onun haqqında məlumatlı olmaq çox faydalıdır.

    İradə Hüseynova,
    Tərtər rayon Mərkəzi Xəstəxanası PHŞ-nın
    infeksion şöbəsinin müdiri

    Müəllif: Redaktor, 10:20

İsmarıclar bağlıdır.