Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16Yan

    Keçmiş Sovet İttifaqı rəhbərlərinin və onun Azərbaycandakı itaətkar nümayəndələrinin əli ilə xalqımıza qarşı törədilmiş Qanlı Yanvar faicəsindən 33 il vaxt keçir. Qanlı Yanvar faicəsi XX əsr tarixinə və bəşəriyyətə qarşı ən amansız cinayətlərdən biri kimi tarixə düşmüşdür. O qanlı gecədə mənfur rejimi hər vəchlə qoruyub saxlamağa çalışan qırmızı imperiya dəhşətli hərb maşınını işə salaraq, öz mill azadlığı və istiqlaliyyəti, doğma torpağının müdafiəsi uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə açıq hərbi təcavüzə başladı. Bu faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.Xalqımız həmin gün üstünə şığıyan Sovet hərbisinin qara guruhuna qarşı sinəsini irəli verdi, öz istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

    Əslində 20 Yanvara aparan yolun 1988-c ildən başlandığı aşkar görünür. Keçmiş imperiya rəhbərliyinin-şəxsən əlləri xalqımızın qanına batmış Mixail Qarbaçovun bilavasitə xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddialları nəticə etibarı ilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğurnda mübarizəsinə əlavə impulslar verdi. Xalqımız ölkəmizn ərazi bütövlüyünü qoruyub saxlamaq üçün 1988-ci ildə iradəsini ortaya qoydu. Güclü meydan hərəkatı başladı.

    20 Yanvar faciəsi ərəfəsində və ondan sonrakı mərhələdə Azərbaycan tamamilə informasiya  blokadasına alınmışdı. Respublikamızın xaricə çıxışı yalnız “Azadlıq” radiosu vasitəsilə təmin  edilirdi. Bu da çox məhdud idi. Odur ki, Azərbaycanın üzləşdiyi problemləri, faciələri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, real vəziyyətlə bağlı dolğun təsəvvürlər yaratmaq mümkün deyildi. 20 Yanvar hadisələrindən sonra hakimiyyətdə olan imperiyapərəst qüvvələr, eləcə də faciənin üzərində hakimiyyətə gəlmək istəyən qüvvələr, əslində, bu prosesdə iştirak etmədilər.

    Bütün ömrü boyu xalqın yanında olan ümummilli liderimiz Heydər Əliyev isə belə ağır vəziyyətdə ailəsi ilə birgə yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və sərt bəyanatla çıxış etdi. Xalqımıza qarşı repressiyaya əl atmış Kremlin bir addımlığında kifayət qədər aydın, cəsarətli mövqe ortaya qoyan ümummilli liderimiz Azərbaycanının üzləşdiyi informasiya blokadasının aradan qaldırılması, real həqiqətlərin Dünya ictimaiyyətina çatdırılması üçün tarixi addım atdı. Ümummilli liderimizin bu addımı həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda böyük rezonans doğurdu. Bu qətiyyətli mövqe dərin sarsıntı içində olan xalqa mənəvi dəstək oldu. Bununla da Heydər Əliyev hər zaman xalqla, onun problemləri ilə birgə olduğunu, dərdinə şərik çıxdığını sübuta yetirdi. Bundan narahat olan qüvvələr sonradan ulu öndərimizin Azərbaycana dönmək istəyinin qarşısını almaq üçün ciddi-cəhdlə fəaliyyətə başladılar. Lakin yaradılan maneələrə baxmayaraq, Heydər Əliyev Naxçıvana gəldi və fəal siyasətlə məşğul olmağa başladı.

    Hadisəyə ilk hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabr ayında Heydər Əliyevin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Noyabr ayının 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş qərarda 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması qərara alındı. Qərarda ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalanmış, onların birbaşa məsuliyyət daşıdıqları göstərilmişdi.

    Ulu öndərimiz  Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə respublika miqyasında siyasi-hüquqi qiymət vermək imkanı yarandı. Ümummilli liderimizin 1994-cü il 5 yanvar tarixli sərəncamında faciənin respublika miqyasında geniş araşdırılıb siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Həmin il yanvar ayının 12-də Heydər Əliyevin sədrliyi ilə 20 Yanvar faicəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə dövlət komissiyasının iclası keçirildi. İclasda çıxış edən Heydər Əliyev hadisəyə tam və hərtərəfli siyasi-hüquqi qiymət verilməsinin vacibliyini önə çəkdi.

    Artıq 33 ildir ki, 1920-ci ilin 20 Yanvar gününü bir qayda olaraq kədər, hüzn, matəm kimi qeyd edirik. Şəhidlərimizin ruhunu ağrı və sızıltı ilə anırıq. Unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə ağrı və acı ilə xatırlanan gün deyil. 20 Yanvar həm də xalqımızın fəxarət və şərəf günüdür. O qanlı gecədə Qaziliyə, şəhidliyə əbədi hazır olduğumuzu bir daha sübut etmişik. Xalqımız həmin gün öz milli kimliyini sübut edərək keçmiş rejimə sarsıdıcı zərbə vurmuşdur.  Bu hadisə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı istiqlala layiqdir və bu yolda ən çətin sınaqlara, məhrumiyyətlərə mətinliklə sinə gərmək əzmindədir. 20 Yanvar kədəri neçə illər ötsə də, bizi heç vaxt tərk etməyəcək, çünki o gecə ən layiqli övladlarımızı itirmişik. Ancaq bir təsəllimiz də var: Azadlıq mücahidlərinin axıtdıqları qanlar hədər getməyib, bu qanlar göyərib bizi azadlığa qovuşdurub. O qanlı gecədə şəhid olanlar hər bir azərbaycanlının qəlbində əbədi heykələ dönüblər.

    Onu da qeyd edək ki, bu gün dövlətimiz tərəfindən 20 Yanvar şəhidlərinin ailələri Prezidentin aylıq təqaüdləri ilə təmin olunur.  Ümummilli lider Heydər Əliyev tərəfindən “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi sahəsində mühüm tədbirlərə başlanması təmin edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti həmin kateqoriyadan olan vətəndaşların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib. 20 Yanvar əlillərinə də əlilliyə görə müavinət və ya pensiya, Prezidentin aylıq təqaüdləri ödənilir. Ötən dövrdən indiyə qədər həmin sosial ödənişlər dəfələrlə artırılıb, Həmçinin hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin edilir.

    Artıq  bütün şəhidlərimizin ruhu şaddır. Müzzəfər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu 44 günlük  Vətən müharibəsində  tarixi qələbə qazandı. Bu qələbə onu göstərdi ki, vətənimizin azadlığı , suverenliyi uğrunda  şəhid olan hər bir soydaşımızın  qanı yerdə qalmadı .

     

    Eldar Əsədov,

    YAP Tərtər rayon təşkilatının sədri

    Müəllif: Redaktor, 14:44

İsmarıclar bağlıdır.