Baramaçılıq kənd təsərrüfatının gəlirli sahələrindən biridir. Tərtərlilərin bu sahədə zəngin təcrübəsi var. Belə ki, sovet dönəmində kəndlərimizin hamısında ipəkqurdu saxlanılır, yüksək nəticələr qazanılırdı.
Lakin müstəqilliyimizin ilk illərində bu sahə tədricən unudulmağa başladı. Səbəb isə Birinci Qarabağ müharibəsi dövründə infrastrukturun dağıdılması, qazın, elektrik enerjisinin ol-maması səbəbindən çəkil ağaclarının doğranıb yandırılması olmuşdu.
Baramaçılığı inkişaf etdirmək üçün ilk növbədə yenidən onun yem bazasını yaratmaq lazım idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə Tərtər rayonunda yeni tut bağlarının salınması işlərinə başlanılmışdı və hal-hazırda bu işlər davam etdirilir.
Bölgü əsasında fermer təsərrüfatlarına, barama istehsalçılarına əvəzsiz olaraq tut tingləri paylanılır. Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilir. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak edir. Tut bağlarının uzunmüddətli yetişdirilməsi üçün dayanıqlı su təminatı nəzərdə tutulub.
Rayondakı mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını ildən-ilə artırmağa imkan verir.
Qeyd edək ki, 2018-ci il-də Çin Xalq Respublikasından 33 min ədəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 67 min ədəd, 2019-cu ildə Çin Xalq Respublikasından 30 min ədəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 10 min 400 ədəd, 2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 27 min ədəd, 2021-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 14 min ədəd, bu il isə ölkəmizdə yetişdirilmiş Çin mənşəli 35 min ədəd tut tingi gətirilərək rayonun bütün yaşayış məntəqələrində əkilmişdir. Görülən işlərin nəticəsidir ki, 2022-ci ildə rayonda 330 qutu barama saxlanılmış, 10.2 ton barama tədarük edilmişdir.
Qeyd edək ki, baramaçılığın inkişafı rayonumuzun iqtisadiyyatını artırmaqla yanaşı, həm də ailə büdcələrinin möhkəmləndirilməsinə kömək edir ki, bunun da nəticəsində insanlarımızın rifahı yaxşılaşır.
“Yeni Tərtər”