Şəhidimiz bizimlədir
Abdullayev Şəhriyar Kamil oğlu 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Orta məktəbi də Şəhriyar bu kənddə bitirib.
2005-ci il oktyabrın 12-də həqiqi hərbi qulluğa gedib. 2007-ci ilin aprelində qayıdıb. 2011-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıdıb. O, XTQ-yə qəbul olub və orada gizir kimi çalışmağa başlayıb.
Şəhriyar Aprel döyüşlərinin iştirakçısı olub. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə medal və diplomla təltif edilib.
2020-ci il sentyabr ayının 27-də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda haqq savaşına qatılan Şəhriyar Abdullayev Murov istiqamətində döyüşüb.Gamış dağ zirvəsinin itki vermədən fəth edilməsində qəhrəmanlıq göstərib. Sentyabrın 29-dan Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı ermənilərin tankını, maşınını hərbi qənimət kimi gətirib, çoxlu sayda düşmən əsgərini zərərsizləşdirib.
Oktyabrın 10-da Hadrut uğrunda gedən döyüşdə axşam saat 21.50 radələrində düşmənlə əlbəyaxa savaş zamanı yaxın məsafədən baş nahiyəsindən snayperlə vurularaq şəhidlik zirvəsinə ucalıb.
Şəhidin qardaşı Tural Abdullayev deyir ki, Şəhriyar həmişə müharibənin başlamasını və özünün orada iştirak etməsini arzulayırdı. O, polis orqanlarına işə düzəlmək üçün sənəd verib qəbul olunsa da, son anda atasından xəbərsiz sənədlərini götürüb Xüsusi Təyinatlı Qüvvələrə qəbul üçün verib.
Şəhidimizin iki övladı bizə əmanət qalıb. Onlar daim atalarının qəhrəman olması ilə fəxr edirlər.
Şəhriyar Abdullayevin xanımı Zülfiyyə Abdullayeva isə deyir ki, şəhidimiz daim bizimlədir. Biz onun bütün arzularını yerinə yetirəcəyik.
Şəhriyar Abdullayev Ordudakı səmərəli fəaliyyətinə görə “Azərbaycan Ordusunun 100 illiyi” medalı ilə təltif olunub. Ölümündən sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeninə, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Şəhriyar Abdullayev Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.