Məmmədov Elcan Zöhrab oğlu 1989-cu ildə Tərtər rayonunda anadan olub. 1996-cı ildə Bakıxanov qəsəbəsindəki 96 saylı tam orta məktəbin 1-ci sinfinə gedib və 2007-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. Elə həmin il Poltexnik Universitetinə qəbul olub. Universiteti bitirməyinə bir il qalmış, 2010-cu ildə ailə qurub.
2011-ci ildə universiteti bitirib və hərbi xidmətə yola düşüb. Müddətli həqiqi hərbi xidmətini Cəlilabad rayonunun Göytəpə qəsəbəsindəki “N” saylı hərbi hissədə başa vurub və Bakıya, ailəsinin, valideynlərinin yanına qayıdıb.
2013-cü ildən Elcan tikinti şirkətində təhlükəsizlik xidməti rəisinin köməkçisi vəzifəsində çalışıb. Elə həmin ilin aprel ayının 2-də Ayan adlı qız övladı dünyaya gəlib. Bir ata kimi Elcanın sevincinin həddi-hüdudu yox idi. 2015-ci il iyulun 2-də onun 2-ci övladı Ramal həyatına sonsuz bir sevinc bəxş edib.
2018-ci ildə Elcan Məmmədov xüsusi kurs keçərək leytenant hərbi rütbəsi alıb və Daşkəsəndəki “N” saylı hərbi hissədə işə başlayıb.
Elcan Məmmədov 2020-ci ilin 12-15 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonunda baş verən Tovuz döyüşlərində savaşıb.
Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib.
Bu döyüşdə yaralansa da, yoldaşlarının təkidinə baxmayaraq, geri qayıtmayıb, deyib:
–Boş şeydi, mən yaralanım qayıdım, sən qayıt, bəs irəli kim getsin?
“Ardımca irəli!” əmrini verib. Ön cəbhəni yarıb keçiblər, ikinci cəbhəyə yaxınlaşarkən, snayperlə başından vurulub və şəhadətə qovuşub.
Döyüş yoldaşları deyirlər ki, Elcan Məmmədov qəhrəmancasına döyüşdü və tabeliyində olan şəxslərə də örnək oldu.
Qeyd edək ki, Elcanın atası Zöhrab Məmmədov Birinci Qarabağ müharibəsi iştirakçısıdır.
Bu gün ailəsi ilə bərabər bütün Azərbaycan xalqı şəhid leytenant Elcan Məmmədovla fəxr edir.
Elcan Məmmədov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ramanadakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Elcan Zöhrab oğlu Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
-
29Dek
Müəllif: Redaktor, 10:35