ŞƏHİD AİLƏSİNİN ARZULARI
İllərin qovuşuğuna cəmi bir neçə gün qalıb. Kimi evində şam ağacı bəzəyir, kimi bayram bazarlığından ötrü marketlərə üz tutur. Redaksiyamızın qonağı olan Xanım nənənin üç nəvəsi – Arzu, Pərizad və Zamiq də yeni ili qarşılayacaq, ürəklərində arzu, niyyət tutub, Şaxta Babaya məktub yazacaqlar. Amma bu məktublar digər uşaqların yazdıqlarına bənzəməyəcək.
Xanım nənə Arzunun məktubunu götürüb bizə gətirmişdi: “Əziz Şaxta Baba! Bizim çox zəhmətkeş, gözəl, mehriban atamız vardı. Çoxlu var-dövlətimiz olmasa da, atamızla qayğısız və xoşbəxt yaşayırdıq. Onunla biz çox güclüydük. Atamız sadə bir insanıydı. O, ermənilərə neyləmişdi ki, atdıqları mərmi ilə cavan ömrünü yarımçıq, bizi isə atasız qoydular? Şaxta Baba, erməni terrorunun qurbanı olan bir insanın övladları kimi biz müharibəni lənətləyirik. Arzum budur ki, məktəbi əla qiymətlərlə bitirib həkim olum, atamızın adını daşıyan klinika açım. Mən insanlara sağlamlıq bəxş etmək istəyirəm, bir də istəyirəm ki, uşaqlar bir daha müharibə nə olduğunu görməsinlər, analar mənim Xanım nənəm kimi gözüyaşlı qalmasın”.
Nəvəsinin fikirlərini Xanım nənə davam etdirir. O deyir: “ Mən özüm həyat yoldaşımı 21 yaşımda itirdim, iki körpə balamla tək qaldım. Oğlum Həsənin və qızım Xumarənin əlini çörəyə çatdırmaq, onları ev-eşik, ailə sahibi etmək üçün ən ağır işlərdən yapışdım– xadimə işlədim, kiminsə işini gördüm və nəhayət, şükür etdim ki, tərbiyəli övladlar böyütmüşəm, nəvələrim var”.
Lakin pis niyyətli xain düşmən Xanım ananın sevinci-nə son qoydu. 44 günlük Vətən müharibəsində, oktyabrın 6-da onların yaşadığı Qaynaq kəndi artilleriya hücumuna məruz qalıb.
Həsən kənddən çıxmaq istəyərkən onların maşınına artilleriya mərməsi dəyib, Həsən özü şəhid olub, maşını idarə edən dayısı oğlu Dəyanət isə ömürlük əlil qalıb.
Redaksiyada olarkən Xanım ana bizimlə xeyli söhbət etdi, ürəyindən keçənləri danışdı. Yəqin ki, qarşıdan gələn 2023-cü ildə xeyirxah insanların köməyilə onun da istəkləri gerçəkləşəcək.
Svetlana Bağırova