Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Artıq 31 ildir ki, qeyd edilən bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayıb.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük töhfə verir. Soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında böyük rol oynayırlar. Onlar Azərbaycan dövlətinin göstərdiyi hərtərəfli köməklik sayəsində qardaş və dost xalqların səmərəli əməkdaşlığın qurulması nəticəsində bu sahədə təsirli tədbirlər həyata keçirir, Azərbaycanın tarixini nəsillərdən-nəsillərə ötürürlər.
1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclasında dekabrın 31-nin dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunması barədə qərar qəbul edildi; “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bununla əlaqədar qanunvericilik aktının qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Sovetinə müraciət etmiş və dekabrın 25-də Ali Sovetin Milli Şurası bu müraciəti müsbət qarşılayaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Ulu Öndər Heydər Əliyev dünyada yaşayan azərbaycanlıların həmrəy olması və təşkilatlanması məsələsini daim öz diqqətində saxlayırdı. Ümummilli liderimiz xarici dövlətlərə rəsmi səfəri zamanı hər zaman bu ölkədə yaşayan azərbaycanlılarla görüşər, onların qayğıları və problemləri ilə maraqlanar, diaspor təşkilatlarının yaradılmasında öz dəyərli məsləhətlərini verərdi
Dünya Azərbaycanlılarının Həmrəyliyi 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı öz sözünü ən yüksək səviyyədə dedi, tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların düşmənin və antiazərbaycan qüvvələrin müxtəlif formada təzahür edən məkrli təxribatlarına qarşı cəsarətli etirazları və çıxışları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.
Eldar Əsədov,
YAP Tərtər rayon
təşkilatının sədri