Cari ilin 21 dekabr tarixində Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub. Görüşdən sonra dövlətimizin başçısı mətbuata bəyanat verib.
Prezident İlham Əliyev deyib ki, həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir.
İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır.
Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq.
Dövlət başçısı bildirib ki, beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır. Beynəlxalq hüquq sahəsində dünyada müşahidə olunan ikili standartların təzahürləri çox narahat edir.
Ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözləyirik. Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq.
Nəqliyyat-logistika sahəsində böyük potensial var. Nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır.
Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır.
Diqqətə çatdırılıb ki, Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.
Müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir.
Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. İkitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur.
Bu əməkdaşlıq hər iki ölkənin xalqları üçün faydalı olacaq