Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22Dek

    Prezident İlham Əliyev tərəfindən noyabrın 16-da təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə təsdiqlənən, strateji əhəmiyyət hədəfləyən ” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” milli maraqlarımızı, dövlətçiliyimizi dəstəkləyən tarixi sənəddir.

    Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edir. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması və əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, eyni zamanda gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər Dövlət Proqramında əks olunan vacib məsələlərdəndir.

    İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır. Bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları olduqca vacibdir.

    Əhalinin geri qayıdışı prosesi demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun şəkildə aparılması, məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruri amillərdir.

    Dövlət Proqramının əsasında iqtisadi inkişafın dəstəklənməsi, təhlükəsizlik, qabaqcıl infrastrukturun qurulması, müasir yaşayış məntəqələrinin yaradılması, ekoloji təmiz mühitin təmin edilməsi kimi əsas faktorlar durur. Belə ki, Proqramın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza müstəsna əhəmiyyətə malikdir.

    İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır. Bu Proqramın düzgün və sistemli icrası üçün Əlaqələndirmə Qərargahı yaradılmışdır. Əlaqələndirmə Qərargahı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədi daşıyır. Sərəncama əsasən, Əlaqələndirmə Qərargahının nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi, həmçinin analitik-təşkilati dəstək göstərilməsi üçün İdarələrarası Mərkəz formalaşdırılmışdır. Bu sahədə işin təşkili məqsədilə Əlaqələndirmə Qərargahının nəzdində müxtəlif dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət və işğaldan azad edilmiş ərazilərin bərpası, habelə yenidən qurulması üzrə məsələlərin operativ həlli məqsədilə işçi qrupları fəaliyyətə başlamışdır. İşçi qruplarına nəzarət və idarəetmə peşəkarlara həvalə olunmuşdur.
    Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 2594 nömrəli Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyaya işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsinin Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edilməsi tapşırılmışdır.
    İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmışdır.

    İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, təhlükəsizliyinin qorunması və bu ərazilərin dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi zəruridir.

    Dövlət Proqramının prioritet vəzifələrinin həyata keçirilməsi üzrə mühüm istiqamət işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsinin, eləcə də polis nəzarətinin təşkili, habelə mümkün təhdidlərin qarşısının alınmasıdır.

    Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, ərazilərdə məskunlaşacaq əhali üçün müxtəlif dövlət xidmətlərinə  universal çıxış, operativ əlaqə təmin ediləcəkdir.

    İşğaldan azad edilmiş ərazilərdə bütün bərpa-quruculuq işlərinin 2026-cı ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.

    Proqram çərçivəsində genişmiqyaslı abadlıq-quruculuq işləri ilə bütün dünyaya sübut edəcəyik ki, Qarabağ bizim əzəli və əbədi yurd yerimizdir.

     

    Müəllif: Redaktor, 15:05

İsmarıclar bağlıdır.