Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası bu gün həm Azərbaycanda, həm də ölkəmizdən kənarda yaşayan hər bir həmvətənlimizin diqqət mərkəzində olan hadisədir.
Belə ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Aksiya iştirakçılarının tələbi Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının dayandırılmalı, bütün təbii sərvətlərin istismarının Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həyata keçirilməsidir.
Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb.
Danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq monitorinqin keçirilməsinə maneçilik törədilib. Cari il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar.
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.
Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir.
Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmalıdır.
Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir.
Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.
Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir.
Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür.
Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti davam etməkdədir. Bu siyasət nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayına axan Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarı dəfələrlə normadan artıqdır.
ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb.
3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir.
Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.
Rus sülhməramlı qoşunlarının nəzarətində olan ərazidə cəmi 30-35 min insan yaşayır. Onların böyük hissəsi isə hərbi qulluqçulardır.
Azərbaycan fəallarının sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələ ki inteqrasiya olunmayıb.
Bütün Azərbaycan vətəndaşları aksiya iştirakçılarını mənəvi cəhətdən dəstəkləyir, onların tələblərinin yerinə yetirilməsini gözləyirlər. Bu, bizim haqq işimizdir.