Mustafayev Əlizamin Baxış oğlu böyük bir ailənin ən kiçiyidir. Onlar 8 qardaş, 1 bacı olublar.
Ailə əslən Kəlbəcərdəndir, erməni işğalı nəticəsində Tərtərin Bəyimsarov kəndində məskunlaşıb. Elə Əlizamin də 21 iyun 1999-cu il tarixdə bu kənddə doğulub. 64 saylı Kəlbəcər kənd tam orta məktəbini bitirib. 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə gedib, 2019-cu ildə qayıdıb. Bir müddət kənddə təsərrüfat işləri ilə məşğul olub. Sonra böyük qardaşlarına bildirib ki, yenidən orduda xidmət etmək üçün müraciət edəcək. Üç ay təlim keçdikdən sonra həmlə taborunda çavuş kimi müddətdən artıq hərbi xidmətə başlayıb. Qumbaraatan idi.
Qardaşı Mamed Mustafayev deyir ki, Əlizamin uşaqlıqdan ailənin Kəlbəcər həsrətinə dözə bilmirdi. Həmişə deyirdi ki, atamın öz yurdundan didərgin düşməsinin intiqamını düşməndən alacağam.
Orduya getməmişdən əvvəl isə anasının məzarını ziyarət edib və yaxınlarına tapşırıb ki, əgər şəhid olsam, məni anamın yanında dəfn edin.
Müharibə başlayandan, Əlizamin döyüşlərə qatılıb. Cəsarətli, qoçaq idi.Hər an düşməndən intiqam almaq arzusu ilə vuruşurdu. Gülüstan, Ağ uçuq və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 3-də Bəyimsarov kəndində anasının yanında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Əlizamin Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
-
16Dek
Müəllif: Redaktor, 12:13