Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının sədri və Tərtər Cümə Məscidinin imamı ilə birgə Vətən müharibəsi şəhidi, tibb xidməti leytenantı Aysənan Abbasovun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, onlara başsağlığı verib.
Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbini bitirib. Aysənan uşaqlıqdan hərbçi olmaq, Vətənin müdafiəsində birbaşa iştirak etmək arzusunda olubdur. 2011-ci ildə hərbi xidmətə gedib, 2012-ci ildə təxris olunub. Aysənan torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmirdi. Bu səbəbdən 2012-ci ildə MAHHXQ olaraq hərbi xidmətini davam etdirib. O, istər həqiqi, istərsə də müddətdən artıq hərbi xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən tərifnamələrə və digər təltiflərə layiq görülmüşdür. Aysənan kəşfiyyatçı kimi 2016-cı ilin aprel döyüşlərində də ona verilmiş bütün tapşırıqları ləyaqətlə yerinə yetirib.
Vətən Müharibəsi başlayanda igid əsgər kəşfiyyatçı-istehkamçı kimi xidmət edirdi. O, dəfələrlə düşmən ordusunun arxasına keçərək olduqca vacib məlumatlar əldə etmişdir. Döyüş yoldaşları onun heç nədən qorxmadığını söyləyirlər.
Aysənan 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və sentyabrın 29-da Murovdağ istiqamətində gedən şiddətli döyüşlərin birində erməni terrorçusu ilə səngərdə əlbəyaxa döyüş zamanı mənfur düşmənin arxadan snayperdən atdığı gülləyə tuş gəlib, ən yüksək zirvəyə – Şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşanın azad olunmasına görə ” və “Cəsur döyüşçü” medallarına layiq görülmüşdür.
Aysənan Abbasov 2015-ci ildə ailə qurmuşdu. Onun 2 övladı – 5 yaşlı qızı Banu və 3 yaşlı oğlu Timur bizlərə əmanət qalıb.
Aysənanın xatirəsinə ehtiram əlaməti olaraq Seydimli kəndində onun adına xatirə abidəsi ucaldılıb.
30 ildən sonra bizə şanlı Zəfər günü, Qələbəni yaşadan Aysənan kimi oğulların xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. “Şəhidlər ölməz, Vətən bölünməz,- deyiblər.
Şəhidin ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah vətənimizi bölünməyə qoymayan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin!