Tərtər Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, rayonun tam orta məktəblərinin yuxarı sinif şagirdləri arasında idman çoxnövçülüyü (100 metr məsafəyə qaçış, turnikdə dartınma, paralel qollarda hərəkətlər, yerdən dartınma-jim) üzrə komanda yarışları keçirilmişdir.
Ümumulikdə yarışa rayonun 28 tam orta məktəbindən 112 yuxarı sinif şagirdi qatılmışdır.
Turnir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Tədbirə qatılan Tərtər Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, Tərtər UGİŞİM-in direktoru Emin Quliyev və Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək bildirmişlər ki, ölkəmizdə idman siyasətinin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmiz beynəlxalq arenada idman ölkəsi kimi tanınır. Bundan əlavə həm də Azərbaycan bir çox beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. Bütün bunlar Heydər Əliyevin ölkəmizdə idmana və idmançılara göstərdiyi yüksək diqqətin bu günə gəlib çıxan ən bariz nümunələrindəndir. Çıxış edən rəsmilər eyni zamanda gənclərin sağlam ruhda böyüməsində idmanın xüsusi əhəmiyyətindən də ətraflı danışmışlar.
Sonra start götürən yarışda komandalardakı fərdi xallar toplanmış, l yerin qalibləri Qaradağlı və Hacıqərvənd kənd tam orta məktəbin komandaları, ll yerin qalibi Hüsənli kənd tam orta məktəbin komandası, lll yerin qalibi şəhər 5 saylı tam orta məktəbin komandası olmuşdur.
Qalib komandalar Tərtər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilmişlər.