“Tərtərin tarix yazan oğulları”
Onlar haqqında nə qədər yazılsa da, danışılsa da azdır
Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “Yeni Tərtər” qəzetinin redaktoru, “Qızıl qələm” mükafatı laureatı Svetlana Bağırovanın “Tərtərin tarix yazan oğulları” kitabının təqdimatı olub.
Təqdimatda Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Milli Məclisin deputatı Sahib Alıyev, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, akademik Vaqif Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət himni səsləndirilib.
Svetlana Bağırova şəhidlərimizin xatirəsinə həsr etdiyi kitabı haqqında məlumat verib. Tarix yazan tərtərli oğullardan, Müzəffər Ali Baş Komandan, qalib sərkərdə İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfərdən danışıb. Deyib ki, Tərtər iki əsrə yaxın bir dövrdür ki, mənfur ermənilərlə qonşudur. Onlar həmin tarixi saxtalaşdırmaq istəsələr də, özləri də bilmədən rayonun Şıxarx qəsəbəsində “Marağa150” abidəsini ucaltmaqla bu yerlərə gəlmə olduqlarını birmənalı şəkildə təsdiq ediblər. Köç saldıqları torpaqlarla kifayətlənməyən, böyük xülyalarla yaşayan ermənilər daim bizə zərbə vurmağa çalışıblar. Hər zaman da Tər-təri möhkəm bir qala kimi qarşılarında görüb, geri çəkilməyə məcbur olublar. Birinci Qarabağ müharibəsində, Aprel hadisələrində, 44 günlük Vətən müharibəsində də belə olub. 30 ilə yaxın müddətdə atəşkəs olsa da, keçmiş cəbhəyanı kəndlərdə atəş səsləri bir gün də kəsilməyib. Buna baxmayaraq, Tərtərdə bir ailə də evini tərk etməyib, yanan işıqlarımız ermənilərin gözünə ox kimi batıb. Birinci Qarabağ müharibəsində tərtərlilər ermənilərə nəinki bir qarış torpaq belə veriblər, əksinə, onları oğrucasına yiyələndikləri torpaqlarımızdan uzaqlaşdırıblar. Prezident, Ali Baş Komandan İlham Əliyev tərtərlilər haqqında belə deyib: “Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada, döyüş bölgəsində, düş mənlə üz-üzə dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir. 2016-cı ilin Aprel günlərini biz heç zaman unutmayacağıq. O vaxt atəşkəs rejimin dən sonra ilk dəfə olaraq Ermənistan ordusu bizdən güclü zərbə almışdı”.
Müəllifin dediklərinə əlavə edək ki, Aprel hadisələri zamanı erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunda 256 evə, 4 məktəbə, 2 tibb məntəqəsinə, uşaq bağçasına ziyan dəymiş, 32 ev tamamilə dağılmış, 7 nəfər mülki şəxs yaralanmış, 2 nəfər isə həlak olmuşdur. Düşmən tərəfindən atılan ağır artilleriya mərmiləri məcburi köçkünlərin yaşadığı 52 evi dağıtmış, nəticədə 198 nəfər evsiz qalmışdır. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin birgə yaşadıqları ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəymişdir.
Belə çətin günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əli yevanın cəbhə bölgəsinə səfəri, Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər şəhərində zərər çəkmiş evlərin sakinləri ilə gö rüşməsi böyük razılıq hissi ilə qarşılanmışdır. Dövlət başçısı və onun xanımı rayonun Qapanlı kəndinə də gəlmiş, burada artilleriya atəşi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun ailəsi və digər sakinlərlə görüşmüşdür. Prezidentə bildirilmişdir ki, kənddə 55 evə ziyan dəyib, onlardan 14-ü tamamilə da-ğıdılıb. Buna baxmayaraq, Qapanlı kəndinin camaatı öz ev-eşiyini tərk etməyib. Çünki Prezidentinə və Or-dusuna inanır. Əmindirlər ki, nankor qonşularımıza layiqli cavab veriləcək və onlar əməllərinə görə cəzalarını alacaqlar. Tərtərlilərin bu ümidlərini 44 günlük Vətən müharibəsi gerçəkləşdirdi.
Bu müharibədə qazanılan böyük Qələbə bütün dünyaya göstərdi ki, Prezident İlham Əliyevin hər bir vədinin arxasında konkret nəticələr dayanır.
Qeyd olunmalıdır ki, 2020-ci il sentyabrın 27-də səhər saat 6.10-da düşmənin atdığı ilk artilleriya mərmisi Tərtər rayonunun Qapanlı kəndinin sakini Yaqut Məmmədovanın evinə düşmüş və bundan sonra cavab atəşi açılmışdır. Oktyabrın 9-da “CNN International” TV-yə verdiyi müsahibəsində Prezident İlham Əliyev deyib: “Biz cavab verməli idik, özümüzü müdafiə etməli idik. Bizim cavabımız Ermənistan üçün çox həssas və ağrılı oldu. Onlar çox ciddi məğlubiyyət acısını yaşadılar”. Bəli, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “dəmir yumruğ”u ətrafında birləşən xalq-iqtidar-ordu birliyi düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan öz torpaqlarına sahib çıxdı.
Müharibə dövründə Tərtər düşmən hücumuna daha çox məruz qalan cəbhəyanı rayonlardan biri idi. Bu barədə Prezident İlham Əliyevin dediklərini xatırlamaq yerinə düşər: “Tərtər şəhəri İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir”.
Vətən müharibəsi günlərində fövqəladə hadisələr zamanı mülki müdafiənin təmin edilməsi məqsədilə rayon qərargahı yaradılmışdı. Qərargaha Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rəhbərlik edirdi. 44 günlük savaş Tərtər rayonunun ərazisindən başladığı kimi, ilk qələbə müjdələri də məhz burada eşidilirdi. Oktyabrın 3-də azad edilən Suqovuşan və Talış Azərbaycan Ordusunun 28 illik işğaldan sonra ayaq basdığı birinci yaşayış məntəqələrindən idi.
“Tərtərin tarix yazan oğulları” kitabında Vətən müharibəsində canını, qanını fəda edərək, torpaqlarımızı erməni işğalından azad edən oğulların şücaətindən bəhs olunur, onların hər biri haqqında dolğun məlumatlar təqdim edilir. Kitabın əsas qayəsi gənclərin vətənpərvərliyi, onların Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u ətrafında sıx birləşərək, Vətən, bayraq, torpaq uğrunda göstərdikləri misilsiz şücaətlərdir. Övladlarını, həyat yoldaşlarını, atalarını itirən insanların dərdi sonsuz olsa da, hər bir ailədə “Vətən sağ olsun” kəlmələrini eşidən müəllif belə qəhrəman oğullar böyüdüb tərbiyə edən valideynlər qarşısında baş əydiyini söylədi.
Kitabda Prezident İlham Əliyevin Vətən müharibəsi və Zəfər Günü ilə bağlı nitqləri, çıxışları və sərəncamları da toplanıb. Kitab 4 fəsildən ibarətdir. I fəsildə bizi böyük savaşa aparan Aprel hadisələrinin iştirakçılarından bəhs olunur. II fəsil (“Qürurumuzu bizə qaytaran oğullar”) Vətən müharibəsi şəhidləri haqqındadır. III fəsildə isə erməni vandalizminin qurbanı olan dinc tərtərlilərin faciəsindən danışılır. Sonuncu fəsil isə Tərtərdə doğulan, valideynləri əslən Kəlbəcərli olan, özləri isə bu torpaqları heç vaxt görməyən, lakin düşməndən intiqam almaq istəyi ilə döyüşlərə qatılan gənclər haqqındadır.
Kitabda toplanmış fotoşəkillər Tərtərin müharibə tarixini, həmin dövrdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rəhbərliyi ilə rayonda fəaliyyət göstərən qərargahın işini əks etdirir. Burada eyni zamanda qəhrəman Tərtərin bugünkü həyatını işıqlandıran fotolar da yer alıb.
Lazım QULİYEV,
“Azərbaycan”