Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında Konstitusiya Günü münasibətilə tədbir keçirilib. Tədbiri Tərtər Rayon İcra Hakmiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik edib.
Rayon rəhbəri bildirib ki, Ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin qurucu-su Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də referendumla qəbul olunmuş Konstitusiya xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və mənəvi prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb.
Konstitusiyamızın əsas qayəsi xalqın yekdil və sarsılmaz iradəsini əks etdirərək, Azərbaycanın dövlət fəaliyyətinin əsas prinsiplərini və demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini müəyyənləşdirib.
Bundan sonra ölkəmizdə bir çox sahələrdə, o cümlədən, hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verib.
Bu gün Azərbaycan Konstitusiyası dolğun və mükəmməl bir sənəddir, ölkəmizin tərəqqisi üçün mühüm vasitədir. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyamıza edilmiş əlavələr əsas Qanunumuzu müasirləşdirib və zənginləşdirib. Cəmiyyətin hüquqi əsaslarının inkişafında mühüm dəyişikliklər etməklə yanaşı insan hüquq və azadlıqlarının təminatı üçün yeni institutlar yaradıb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Vətən Müharibəsi zamanı ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində fəal iş aparıb. Vətən Müharibəsi dövründə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransına, Avropa Konstitusiya Məhkəmələrinin Konfransına, habelə Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası təşkilatları çərçivəsində dünyanın bütün Konstitusiya məhkəmələrinə ünvanladığı bəyanatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb. Bu təxribatlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən şəhərlərinin ağır artilleriya atəşinə məruz qalması həm hərbi, həm də mülki əhali arasında itkilərə səbəb olduğu qeyd edilib. Bəyanatda, həmçinin diq-qətə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu açıq şəkildə təsdiq edilir. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurası 1993-cü ildə dörd qətnamə (882, 853, 874, 884) qəbul edib. Lakin həmin qətnamələr Ermənistan tərəfindən hələ də icra olunmayıb.
Azərbaycan məhkəmə-hüquq tarixində ən mühüm hadisələrdən biri də bu il iyulun 14-də baş verdi. Həmin gün Konstitusiya Məhkəməsinin hakimləri və məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Məhkəmənin Plenumunda baxılmış üç iş üzrə qərarları Şuşa şəhərində elan edib.
Qürurverici haldır ki, qalib xalqımız Əsas Qanunun qəbulunun 27-ci ildönümünü ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Zəfərin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz tərəfindən azad olunmuş torpaqlarımızda, Konstitusiyanın müəyyən etdiyi prinsiplərin başlıca müddəaları ardıcıl surətdə tətbiq olunur. Həmçinin ərazi bütövlüyümüzün təmin edilməsi Konstitusiyamıza uyğun olaraq qurulur.
Tədbirdə Rayon Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, rayon Ağsaqqalar şurasının sədri Faiq Məmmədov, Rayon Gənclər və İdman idarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək öz ürək sözlərini bildirib, Konstitusiya günü münasibəti ilə təbrik ediblər.