Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycanın şanlı tarixinə daha bir Zəfər günü yazıldı. Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Müzəffər ordumuz böyük qəhrəmanlıq göstərərək düşmənin 30 ildə qurduğu bütün maneələri qısa müddətə ləğv etməyi, Şuşaya çatmağı bacardı. Şuşa Dövlət Bayrağı Günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin şərəfli gününü yaşadı, desək, yanılmarıq. Çünki bayrağımız 28 illik fasilədən sonra yenidən Şuşada dalğalandı. Şuşanın azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Qarabağ Azərbaycandır! reallığı 44 gündə mümkünsüzü mümkün etdi. Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin –Azərbaycanın var olduğunu sübut etdi. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı oldu. Bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək, təkcə Ermənistana yox, bötövlükdə haqsız güclərə sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq. Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla qazanmaq olar .
Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir. Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Belə vəziyyətdə Ermənistanın qarşısında iki yoldan birini şeçmək qalırdı. Ya Ermənistan döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da “ağ bayraq” qaldırıb biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Bununla da Ermənistan məğlubiyyəti qəbul etdi. 10 noyabrda üçtərəfli Bəyannamə imzalandı və ərazi bütövlüyümüz təmin olundu. Lakin bu qalibiyyət asan yolla qazanılmadı. Ermənistan bütün hiylələrə əl atdı. Müharibə dövründə, Şanlı qələbədən əvvəl Tərtərə, Bərdəyə, Gəncəyə atılan raketlər də birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən müharibə cinayətləri millətin əzmini, iradəsini əzə bilmədi, əksinə, daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq, millət bir olaraq, Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. “Başlar düşmədən yerə bayraq düşməz, Vətən bölünməz.” Bu şüarla Azərbaycan xalqı hər zaman ayaqda durmağa, öz gücünü göstərməyə çalışdı.
Şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Cəmiyyətimizdə onların yeri ən ali məqamdır. Çünki onlar bu vətən üçün, bu torpaq üçün canlarını fəda edən qəhrəmanlardır. Onları nə biz unudarıq, nə də ki, unutdurarıq. Çünki bu Şanlı Zəfəri onlar bizə bəxş etdilər. Azərbaycan xalqı sizinlə qürur duyur. Sizin kimi qəhrəmanlar, igidlər olduğu müddətdə nə bu Vətənin, nə də Azərbaycan xalqının başı aşağı olar. Bu bayraq dalğalandıqca, bu ölkə həmişə var olacaq.
“Dəmir Yumruq” əməlliyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. Qarabağın azad edilməsi Azərbaycan xalqının qəlbindəki kədərə, əsarətə son qoydu. İndi azad Qarabağ günbəgün abadlaşır. Mənim qədim torpağım, Sənə bu, çox yaraşır! Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz qürur hissi ilə, qalib xalq olaraq yaşayacayıq. Onlar isə bir ömür boyu rəzalət damğası ilə yaşayacaqlar.”
Səbinə Elxanqızı,
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə I kurs tələbəsi