Noyabrın 20-də xalqımız qürur hissi ilə Ağdamın işğaldan azad olunduğu günü qeyd edir.
Ağdam rayonunun böyük hissəsi 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik səyləri nəticəsində Ağdam rayonu hərbi əməliyyatlar keçirilmədən, siyasi yolla işğaldan azad edildi.
Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Ağdam işğal dövründə erməni vandalizmi nəticəsində ruhlar şəhərinə çevrilib. İşğaldan sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir neçə dəfə Ağdam rayonuna səfər ediblər. Dövlətimizin başçısı deyib: “İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhəri, bu kəndləri bərpa edəcəyik”.
Hazırda Ağdamda avtomobil və dəmir yolları çəkilir, 470 mənzildən ibarət yaşayış məhəlləsi tikilir, Pənahəli Xanın Sarayı və İmarət Kompleksində bərpa işləri görülür. Çox keçməz ki, əvvəlkindən də gözəl və yaraşıqlı Ağdam rayonu ölkəmizin müxtəlif güşələrinə səpələnmiş doğma sakinlərini yenidən öz qoynuna alar.
“Yeni Tərtər”