QƏHRƏMAN TƏRTƏR– İKİNCİ STALİNQRAD
Məlum olduğu kimi, Tərtər iki əsrə yaxın bir dövr ərzində mənfur ermənilərlə qonşu olub. Onlar bu tarixi saxtalaşdırmaq istəsələr də, özləri də bilmədən rayonumuzun Şıxarx qəsəbəsində “Marağa-150” abidəsini ucaltmaqla, bu yerlərə gəlmə olduqlarını açıq-aşkar bildiriblər.Televiziya kanallarımızın arxivində bu abidənin açılışı və orada çıxış edən erməni rəsmilərin etirafları da saxlanılır.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şıxarxdakı bu abidənin qalıqları saxlanılmaqla, ətrafı abadlaşdırılıb. Həmçinin ermənilərin gəlmə olduqlarını bildirən tarixi sübutlar eksponat kimi burada nümayiş etdirilir.
Köç saldıqları torpaqlarla kifayətlənməyən, böyük xülyalarla yaşayan ermənilər daim bizə zərbə vurmağa çalışıblar. Hər zaman da Tərtəri möhkəm bir qala kimi qarşılarında görüb, geri çəkilməyə məcbur olublar.
Birinci Qarabağ müharibəsində də belə olub, Aprel hadisələrində də, 44 günlük Vətən müharibəsində də. 30 ilə yaxın bir müddətdə atəşkəs olsa da, keçmiş cəbhəyanı kəndlərdə atəş səsləri bir gün də olsa kəsilməyib. Buna baxmayaraq, Tərtərdə bir ailə də evini tərk etməyib, yanan işıqlarımız ermənilərin gözünə ox kimi batıb.
Birinci Qarabağ müharibəsində tərtərlilər nəinki bir qarış torpağımızı belə ermənilərə verməyiblər, hətta onları nankorcasına yiyələndikləri torpaqlardan uzaqlaşdırıblar.
Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyev tərtərlilər haqqında belə deyib: “Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada, döyüş bölgəsində, düşmənlə üz-üzə dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir”.
2016-ci ilin Aprel günlərini biz heç zaman unutmayacağıq. Atəşkəs rejimindən sonra ilk dəfə olaraq Ermənistan ordusu bizdən belə güclü zərbə almışdı. Aprelin 2-də qoşunların təmas xəttində Füzuli istiqamətində işğalçılarla döyüşdə Tərtərin qəhrəman oğlu – gizir İsgəndərov Nicat Bəhruz oğlu şəhidlik zirvəsinə ucalmışdı.
Aprel hadisələri zamanı erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunda 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəymiş, 32 ev tamamilə dağıdılmış, 7 nəfər mülki şəxs yaralanmış, 2 nəfər isə dünyasını dəyişimişdir. Onların 2-si də məcburi köçkündür. Düşmən tərəfindən atılan ağır artilleriya mərmiləri məcburi köçkünlərin yaşadığı 52 evi dağıtmış, nəticədə 198 nəfər bir daha evsiz qalmışdır. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və kənd təsərrüfatına ciddi ziyan dəymişdir.
Belə çətin günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cəbhə bölgəsinə səfəri, Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər şəhərində zərər çəkmiş evlərin sakinləri ilə görüşməsi böyük razılıq hissi ilə qarşılanmışdır. Dövlət başçısı və onun xanımı rayonun Qapanlı kəndinə də gəlmiş, burada artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun ailəsi və digər sakinlərlə görüşmüşdür. Prezidentə bildirilmişdir ki, kənddə 55 evə ziyan dəyib, onlardan 14-ü tamamilə dağıdılıb. Buna baxmayaraq, Qapanlı kəndinin camaatı öz ev-eşiyini tərk etməyib. Çünki öz Prezidentlərinə və Azərbaycan Ordusuna inanırlar. Əmindirlər ki, nankor qonşularımıza layiqli cavab veriləcək və onlar əməllərinə görə cəzalarını alacaqlar.
Tərtərlilərin bu ümidlərini 44 günlük Vətən müharibəsi gerçəkləşdirdi.
Bu müharibədə qazanılan Böyük Qələbə bütün dünyaya göstərdi ki, Prezident İlham Əliyevin hər bir və dinin arxasında konkret nəticələr dayanır.
Burada oxucularımızın diqqətinə çatdırmaq istəyirik ki, 2020-ci il sentyabrın 27-də səhər saat 6.10-da düşmənin atdığı ilk artilleriya mərmisi Tərtər rayonunun Qapanlı kəndinin sakini Yaqut Məmmədovanın evinə düşüb və bundan sonra cavab atəşi açılıb. 9 oktyabr tarixində “CNN İnternational” TV-yə verdiyi müsahibəsində Prezident İlham Əliyev deyib: “Biz cavab verməli idik, özümüzü müdafiə etməli idik. Bizim cavabımız Ermənistan üçün çox həssas və ağrılı oldu. Onlar çox ciddi məğlubiyyət acısını yaşadılar, onlar bizdən qaçdılar…”
44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “dəmir yumruğu” ətrafında birləşən xalq-iqtidar-ordu birliyi düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan öz torpaqlarına sahib çıxdı.
Müharibə dövründə Tərtər ən çox düşmən hücumuna məruz qalan rayonlardan biri idi. Bu barədə Prezident İlham Əliyev deyib: “Tərtər şəhəri İkinci Dünya Müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir”.
Elə günlər olurdu ki, Tərtərə gündəlik 2100-2200-dən çox mərmi düşürdü. Şəhər Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə bombardman edilirdi. Bunun da nəticəsində mülki insanlar arasında 16 nəfər qətlə yetirilib, 63 nəfər yaralanıb. Bu məqsədlə Ermənistan silahlı qüvvələri “Smerç” raketləri də daxil olmaqla, bütün növ artilleriyadan istifadə ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun verdiyi məlumata görə, 44 gün davam edən müharibə zamanı Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, qadağan olunmuş 21 “Smerç” raketi atılmışdı. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib. Hətta müharibə zamanı 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. 161 baş iri və 393 baş xırdabuynuzlu heyvan tələf olub. 100 hektarlarla əkin sahəsinə ziyan dəymişdir.
Erməni vəhşiliyinin sübutu olaraq bu gün Tərtərin Elman Səfərov küçəsində açıq havada ev-muzey yaradılıb. Bu evi Vətən müharibəsi zamanı ermənilərin atdığı “Smerç” raketi dağıdıb. 2021-ci il oktyabrın 3-də Tərtərə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin evin sahibi Sahib İsmayılovla görüşüb, dağılmış evin qalıqlarına baxıb və ailə üçün tikilmiş yeni evin şəraiti ilə tanış olub.
Vətən müharibəsi günlərində fövqəladə hadisələr zamanı mülki müdafiənin təmin edilməsi məqəsədilə rayon qərargahı yaradılmışdı. Qərargaha Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rəhbərlik edirdi.
Qərargahın üzvləri ( bura həmçinin şəhər və kənd icra nümayəndələri daxil idilər) rayonun düşmən atəşinə məruz qaldığı həmin günlərdə qocaların və uşaqların təxliyəsi, sığınacaqlarda olanların ərzaqla təmin edilməsi, mülki yaralıların təxliyəsi, media işçilərinin çəkiliş aparması, informasiya ötürməsi üçün lazımi şəraitin yaradılması, rayona dəymiş ziyanla bağlı məlumatların hazırlanıb aidiyyəti qurumlara ötürülməsi və digər məsələlərlə məşğul olurdu. Mülki müdafiə sahəsində qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə əlaqədar operativ tədbirlərin görülməsi və mülki müdafiənin təmin edilməsi məqsədilə Tərtər rayonunun kəndlərində 11 min sadə sığınacaq yaradılmış, yaşayış və ictimai binaların zirzəmilərində isə 46806 kvadratmetr sahəsi və 31146 adam tutumu olan 76 sığınacaq fəaliyyət göstərmişdi. Zirzəmilərdə əhalinin rahatlığı üçün lazımi şərait yaradılmışdı. Xarici jurnalistlər buradan Tərtərdə baş verənlərlə bağlı dünyanın müxtəlif ölkələrinə reportajlar hazırlayıb göndəriblər. Rayon qərargahı üzvlərinin ən ağır vəzifəsi isə şəhidlərimizin qarşılanması, dəfni işlərinin yerinə yetirilməsi idi. Bu çətin anlarda tərtərlilər bir yerdə oldular, ailələrə gələn xəbərlərin ağırlığını bölüşdülər. Qeyd etmək lazımdır ki, bu işlərin həyata keçirilməsi üçün hər an vəziyyəti düzgün qiymətləndirmək, insanları daha çox itki verməkdən qorumaq tələb edilirdi. Qərargahın üzvləri daim əhalinin yanında olur, onlara mənəvi, maddi dəstək göstərirdilər.
Tərtərin ilk Vətən müharibəsi şəhidi Qubad Hacıyevin atası Cəmil müəllim deyir ki, onun oğlunun dəfni zamanı vəziyyətin çox təhlükəli olmasına baxmayaraq, rayon rəhbərindən tutmuş sadə vətəndaşlaradək hər kəs ailənin yanında olub, onlara təsəlli verib.
Oktyabrın 15-də Ermənistan silahlı qüvvələrinin Tərtər qəbiristanlığını atəşə tutması nəticəsində burada dəfn mərasimi iştirakçılarından 4 nəfər şəhid oldu, 5-i isə yaralandı. Həmin vaxt Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ermənilərin Tərtərdə dəfn mərasiminə atəş açması və mülki şəxslərin həlak olması ilə bağlı “İnstagram” hesabında yazmışdı: “Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan?
Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.
Erməni vandalizminin dəhşətli nəticəsi olan bu hadisəni xarici media nümayəndələri də geniş işıqlandırıblar.
Oktyabrın 21-də rayonumuzun Cəmilli kəndinə düşən artilleriya mərmisi iki gəncin – Anar İsaxlının və Anar Quliyevin həyatına son qoydu. Rayon qərargahının üzvləri dərhal hadisə yerinə gələrək, insanların bir yerə toplaşmasının qarşısını aldılar. Operativ tədbir görülməsəydi, bundan sonra atılan və eyni yerə düşən mərmilərin qəlpələri xeyli insanın ölümünə səbəb ola bilərdi.
44 günün hər günü tarixə bu cür hadisələrlə yazılıb.
Rayonun hər bir vətəndaşı Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” ətrafında birləşərək, qaza-nılan Böyük Qələbəyə öz payını verib, kimi döyüş meydanında, kimi isə arxa cəbhədə.
Bu gün rayon rəhbəri Müstəqim Məmmədov şəhid ailələrinin, qazilərin, veteranların evlərinin əziz qonağıdır. Çünki daim rayon ictimaiyyətilə birlikdə onların yanındadır. Ən ağır dərd isə, birlikdə çəkiləndə, bir az da olsa, yüngülləşir.
Qəhrəman Tərtərimizin 3 Milli Qəhrəmanı var: Elman Hüseynov, Vəzir Orucov, Füzuli Rüstəmov Birinci Qarabağ müharibəsində göstərdikləri şücaətlərlə adlarını tariximizə ya-zıblar.
Şəhidimiz polkovnik-leytenant Anar Əliyev və qazi Azər Abbdullazadə isə Vətən Müharibəsi qəhrəmanlarıdır.
Rayonumuzda Vətən müharibəsinin hərbi şəhidlərinin sayı 45, mülki şəhidlər 16 nəfərdir. Əhmədzadə Məftun Seymur oğlu isə 2022-ci il 13 sentyabr hadisələri zamanı şəhid olub. 48 nəfər Vətən müharibəsi əlili, 1554 nəfər isə bu müharibənin iştirakçısıdır.
Şəhərimizin ən yaraşıqlı, abad 7 küçəsinə şəhidlərimizin adı verilib.
Şəhid ailələrinin və qazilərin mənzil-məişət şəraitinin və maddi durumunun yaxşılaşdırılması rayon rəhbərliyinin diqqət mərkəzindədir. İndiyədək 48 şəhid və 42 qazi ailəsi mənzil növbəsinə götürülüb. 4 nəfərin mənzili təmir olunub. Onların ailə üzvlərindən 17-si işlə təmin edilib. 17 şəhid, 15 qazi ailəsinə təsərüffat işləri ilə məşğul olmaq üçün torpaq ayrılıb. 11 ailə sahibkarlıq obyekti tikmək üçün yerlə, 5 şəhid və qazi ailəsi həyətyanı torpaq sahəsi ilə təmin olunub.
Tərtər şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə rayonumuzda möhtəşəm Şəhidlər Abidə Kompleksi tikilib. Burada Birinci Qarabağ müharibəsinin şəhidləri ilə yanaşı, Vətən müharibəsi şəhidləri, o cümlədən keçmiş Ağdərə rayonunun şəhidləri haqqında məlumat var. Xalqımıza xoşbəxtliyi, azadlığı öz canları, qanları hesabına bəxş edən insanları gələcək nəsillər heç zaman unutmayacaqlar.
Abidə tərtərlilərin müqəddəs and yerinə çevrilib.
44 günlük Vətən müharibəsinin başa çatması ilə tərtərlilər Prezident İlham Əliyevin rəhbərliyi və dövlətimizin köməyi ilə müharibənin vurduğu zərbələrin aradan qaldırılmasına başlayıblar. Şəhər özü və rayonun kəndləri böyük tikinti meydançasını xatırladırdı. Xain düşmən bu dəfə də məqsədinə çatmadı. Evlərimiz yenidən tikildi, küçələr abadlaşdırıldı. Bu küçələrə qəhrəmanlarımızın adları verildi.
Vətən müharibəsi ilk olaraq Tərtər rayonunun ərazisindən başladığı kimi, ilk qələbə müjdələrini də biz məhz buradan eşitdik. Oktyabrın 3-də azad edilən Suqovuşan və Talış Azərbaycan Ordusunun 28 illik işğaldan sonra ayaq basdığı birinci yaşayış məntəqələrindəndir.
Hələ müharibə başa çatmamış, oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suqovuşan və Talış kəndlərinə yol çəkilişinə başlanıldı. Yolun tikintisi Suqovuşan su anbarından Tərtər şəhərinə doğru uzanan və uzun illərdən sonra suyuna qovuşan kanalın kənarı ilə aparıldı. Həmçinin bu ərazilərin azad edilməsi və Suqovuşan su anbarının sahiblərinə qaytarılması ilə Tərtər, Goranboy, Yevlax, Bərdə rayonu əkinçilərinin su problemi həll olundu.
Hazırda hər qarışı şəhid qanı ilə suvarılmış Suqovuşanda böyük tikinti və quruculuq işləri aparılır.
Bu torpaqlarda hər qaya, hər daş, hər çiçək qanlı döyüşlərin xatirəsini özündə yaşadır. Bəlkə də onların dili olsaydı, neçə-neçə etirafları, son kəlmələri bizə söyləyərdilər…
Ali Baş Komandan, Prezident İlham Əliyev deyib: ”Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq, bu, xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır və əməyi, qəhrəmanlığı əvəzolunmazdır”.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!
Svetlana Bağırova