Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “Yeni Tərtər” qəzetinin redaktoru, “Qızıl qələm” mükafatı laureatı Svetlana Bağırovanın “Tərtərin tarix yazan oğulları” kitabının təqdimatı olub.
Təqdimatda şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respblikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Sahib Alıyev, akademik Vaqif Abbasov, “Azərbaycan” və “Respublika” qəzetlərinin bölgə müxbirləri Lazım Quliyev, Vəli Vəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra dövlər himni səsləndirilib.
Kitabın müəllifi Svetlana Bağırova şəhidlərimizin xatirəsinə həsr olunmuş “Tərtərin tarix yazan oğulları” kitabı haqqında məlumat verib. Tarix yazan tərtərli oğullardan, müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər Günündən danışıb. Bu Zəfəri bizə yaşadan şəhidlərimizin ailələrinə, müharibənin canlı şahidləri, bədənlərində qəlpə gəzdirən Vətən müharibəsi əlillərinin problemlərinə hər kəsin diqqət və qayğı göstərməsini ölkə rəhbərinin bir vəzifə kimi qarşıya qoyduğunu bildirib.
Tərtər şəhidləri haqqında yazdığı kitabın şəhidlər və onların ailəsi qarşısında mənəvi borcu olduğunu deyib, kitabın yazılıb çap olunmasına göstərdiyi dəstəyə görə icra başçısına öz minnətdarlığını bildirib.
Kitabın “Ön söz”ünün müəllifi Lazım Quliyev kitabda şəhidlərin hər biri haqqında sənədli bir hekayə yazıldığını, Svetlana xanımın şəhidlərə öz balası kimi yanaşdığını, onlar haqqında ürək yanğısı ilə yazdığını bildirib.
Tərtərlilərin Vətən müharibəsində göstərdikləri şücaətlərdən, dözüm və dəyanətlərindən danışan Lazım Quliyev hər kəsi Zəfər Günü bayramı münasibəti ilə təbrik edib. Bu zəfəri bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.
Sonra rayon icra hakimiyyətinin başçısı, həm də kitabın redaktoru Müstəqim Məmmədov çıxış edərək Vətən müharibəsində Tərtər rayonunun infrastrukturuna dəyən ziyandan, hərbi və mülki şəhidlərdən, onların ailəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. “Tərtərin tarix yazan oğulları” kitabının Zəfər Günündə şəhid ailələrinə bir hədiyyə olduğunu, bu kitabın hər bir tərtərlinin stolüstü kitabına çevriləcəyini bildirib.
Rayon rəhbəri ilk qələbənin 2016-cı ilin Aprel döyüşlərində qazanıldığı üçün, kitabda Aprel şəhidləri haqqında da yazıldığını qeyd edib.
İcra başçısı bütün tərtərliləri 8 noyabr–Zəfər Günü münasibəti ilə təbrik edib, şəhid ailələrinə səbr diləyib, şəhid valideynlərinə Vətən üçün igid oğullar bəxş etdiklərinə görə öz minnətdarlığını bildirib, qazilərə cansağlığı arzulayıb.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev, tərtərli akademik Vaqif Abbasov da çıxış ediblər. Sonra şəhid ailələrinə kitablar paylanıb.
Vətən müharibəsi qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev və 3-cü dərəcəli “Vətənə xidmətə görə”ordenli şəhid Sənan Məmmədlinin anası Rəsmiyyə Məmmədova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.