Prezident İlham Əliyev cari ilin 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib. Dövlətimizin başçısı ölkənin paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edib.
Prezident İlham Əliyev bildirib ki, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir. Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir.
Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.
Qeyd olunub ki, Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var. Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür və biz əməkdaşlığımızı genişləndirmək istəyirik.
Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik.
Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.
Dövlətimizin başçısı deyib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdik. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Bizim sədrliyimiz bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. Yaxın gələcəkdə bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 dövrünə təsadüf etmişdir. Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir. Biz Qoşulmama Hərəkatının Sammitini təşkil etdik. Biz 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı olduq. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi – ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək.
İnkişaf etmiş bəzi Qərb ölkələri vaksinləri lazım olduğundan beş dəfə, on dəfə çox əldə edirdilər, ancaq resursları olmayan ölkələr əziyyət çəkməyə məcbur idi. Pandemiyanın əvvəlində peyvəndlərə çıxış ən vacib məsələlərdən biri idi. Azərbaycan bu məsələdə bir daha peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsini ucaltdı.
BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək Azərbaycan öz ərazilərini güc yolu ilə azad etdi. İki il əvvəl Azərbaycan Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin demək olar ki, otuz ilə yaxın davam edən işğalına son qoydu. Aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bütün qərar və qətnamələrə məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etmişdi.
İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır.
Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma bizə gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, bu, yolverilməzdir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır.
Diqqətə çatdırılib ki, işğalın nəticəsində on min kvadratkilometrdən çox ərazi tamamilə məhv edilib. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerlə-yeksan edilmiş, dağıdılmışdır – şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür.
Erməni terroru sülh dövründə də davam edir. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır.
Azərbaycan “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb. Azərbaycan bunu öz resursları hesabına edir. Azərbaycan torpaqları özü bərpa edəcək və artıq proses gedir.
Azərbaycan və Ərəb Dövlətləri Liqası dünyada hökm sürən islamofobiyaya qarşı birgə mübarizə aparırlar.