Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qaradağlı kənd İƏD üzrə nümayəndəliyinin Təzəkənd kəndində keçirilib.
Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin şəkillərindən ibarət məktəbdəki fotostendin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici səfərlərindən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni vəhşiliyinin ifşası istiqamətində yorulmaz fəaliyyətindən məlumat verib.
İcra başçısı Azərbaycan Respublikası Prezidentinin Astanada Pakistanın baş naziri Şahbaz Şəriflə görüşündən də danışıb. Bildirib ki, həmin görüşdə ölkə rəhbəri deyib ki, Ermənistan tərəfindən siyası iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsinin imzalana biləcək.
Sonra yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlərin mahiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, bu cür görüşlər hər bir kəndin problemlərinin öyrənilib daha operativ qaydada həll olunmasına kömək edir.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Bildirilib ki, Təzəkənd kəndinin 360 hektar ərazisi, 218 təsərrüfatı, 895 nəfər əhalisi, 241 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 3 ticarət obyekti, 1 iaşə obyekti, 2 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su ilə təmin olunublar.
Sakinlər 520 baş iribuynuzlu, 630 baş xırdabuynuzlu heyvan, 4600 baş quş, 80 arı ailəsi saxlayır, kümçülüklə də məşğul olurlar.
Təzəkənd kəndində son üç ildə 1 ədəd subartezian quyusu qazılıb, 1 ədəd yeni qazılmış subartezian quyusundan küçələrə içməli su çəkilib, 1000 metr su arxı lildən təmizlənib, 1000 metr məsafədə kəndarası yol cari təmir olunub, kənarları abadlaşdırılıb, 300 ədəd müxtəlif növ ağaclar əkilib.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından söhbət açıb. Əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Rəşid Məmmədov içməli su üçün istifadə olunan subartezian quyusunda limitin artırılması, Eldəniz Ələsgərov kəndarası yolların asfaltlanması və digər məsələlərlə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə dövlətimizin başçısına və ölkənin birinci xanımı Mehri-ban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.