Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Okt

    BU HƏQİQƏTLƏRƏƏ BİGANƏƏ QALMAQ MÜMKÜNDÜRMÜ?

     

     

     

     

     

     

    Avropanın ermənipərəst vəzifə sahibləri bu ölkə ilə bağlı dəqiqləşdirilməyən məlumatları şişirdərək, böyük faciə yaratmağa can atırlar. Ancaq iki əsrə yaxın bir dövrdə bizim xalqımıza qarşı törədilən insanlığa sığmayan vəhşiliklərin üstündən sükutla keçir, bunlara biganə qalırlar. Lakin, şükürlər olsun ki, minlərlə günahsız insanın qisasını Azərbaycan özü – müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu aldı. 44 günlük tarixdə nümunəsi olmayan bir müharibə ilə düşmənə layiqli cavab verildi. Müharibə davam etdiyi müddətdə də erməni öz erməniliyində qalmaqda davam edirdi. Dünyada ən müasir və humanist Azərbaycan Ordusundan fərqli olaraq, düşmən cəbhədəki məğlubiyyətlərinin heyfini dinc əhalidən alırdı. Evlər dağılır, sosial obyektlər məhv edilir, heç bir günahı olmayan dinc əhali öz evində-eşiyində, küçələrdə, iş dalınca getdikdə həlak olurdu.

    ­­Yalnız Tərtər rayonu 44 günlük Vətən müharibəsində 16 mülki şəhid verdi. Müharibənin 2-ci günü, sentyabrın 28-də 3 uşaq atası, qəlbi arzularla çırpınan Mehman Əliyev şəhərimizin Heydər Əliyev prospektində, məhkəmə binasının qarşısına düşən artilleriya mərmisindən aldığı qəlpə yarası nəticəsində şəhid oldu.
    Elə həmin gün, sentyabrın 28-də, bir ailə eyni gündə iki oğul övladını itirdi. Poladlı kəndinin sakini Asif Abbasov iki övladını doğma torpağa tapşırarkən, “Vətən sağ olsun”, –dedi. Bəli, xalqımız üçün, azərbaycanlılar üçün Vətən, torpaq sevgisi bütün ülvi hisslərdən üstündür.
    Sentyabrın 29-da daha bir kədərli xəbər tərtərliləri sarsıtdı. Cəbhədən uzaq, öz həyətində günahsız bir qadın– Ayna Mehdiyeva erməni terrorunun qurbanı oldu.
    Həmin gün keçmiş Ağdərə rayonunun Sırxavənd kənd sakini, Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşmış Sabit Əsədov evinin yanında qətlə yetirildi. Cəbhədəki məğlubiyyətlərini həzm edə bilməyən düşmən dinc əhalinin ən çox məskunlaşdığı əraziləri, o cümlədən Şıxarxdakı qəsəbəni hədəfə alırdı. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verirdi. Bizim qorxmaz jurnalistlərimiz, operatorlarımız həmin hadisələri anbaan lentə alaraq, dünyaya yayırdılar. Lakin onda Avropa cinayətkarları dayandırmaq, çirkin əməllərindən əl çəkdirmək üçün heç bir tədbir görmədi. Buna hamımızın sevimlisi olan Prezident İlham Əliyev öz daxili və xarici siyasəti, dünyanı heyran qoyan sərkərdəlik bacarığı və diplomatiyası sayəsində nail oldu.
    Sentyabrın 30-u, müharibənin dördüncü günü idi. Cəbhədə ordumuzun qalibiyyətli irəliləyişindən ruhlanan və eyni zamanda şəhidlərimizin intiqamını düşməndən almaq hissi ilə yaşayan tərtərli gənclər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinə gələrək, orduya getmək istədiklərini bildirirdilər. Şöbənin qarşısında gənclərlə yanaşı onların valideynləri, yola salmağa gələn doğmaları vardı. Yenə də erməni xisləti özü-nü göstərdi. Üz-üzə, müharibənin qanunları ilə döyüşməyi bacarmayan, özgə torpaqlarından biabırçılıqla qaçıb canını qurtarmaq istəyən düşmən yenə də insanların sıx toplaşdığı ərazini hədəfə aldı. İki nəfər həlak oldu, xeyli insan yaralandı. Onlardan biri 1987-ci il təvəllüdlü Şahin İbrahimov, digəri isə onun qaynatası Müzəffər Əliyev idi. Döyüş meydanına tələsən Şahinin arzuları ürəyində qaldı, onun övladları isə həm atalarını, həm sevimli babalarını itirdilər.
    Oktyabrın 1-də ermənilər Tərtərdə dinc insanların qətlə yetirilməsini davam etdirdilər. Həmin gün rayonun Həsənqaya kəndinin sakini Zabil Həsənovun üç övladı atasız qaldı.
    Tərtər çayı üzərində yerləşən əsas körpünün yanına düşən artilleriya mərmisinin qəlpələri bir ailəni ata nəfəsinə həsrət qoydu.
    Oktyabrın 6-sı… Tərtər şəhəri və kəndləri dayanmadan artilleriya atəşinə tutulurdu. Düşmən qadağan olunmuş silahlardan, hər növ raketlərdən istifadə edirdi. Həmişəki kimi, bu hücumlardan ən çox Tərtərin cəbhə boyu yerləşən kəndləri, xüsusilə Qapanlı, Qaraağacı, Qaynaq kəndlərinin sakinləri əziyyət çəkirdilər. Həmin gün ailəsinin görüşünə tələsən Qaynaq kəndinin sakini Həsən Məmmədov mənzil başına çata bilmədi, getdiyi yol kimi, ömür yolu da yarımçıq qaldı. Üç uşaq atası, 41 yaşlı Həsən dünyasını dəyişdi, onunla birlikdə olan əmisi oğlu Dəyanət isə bu günə qədər yataq xəstəsidir.
    Oktyabrın 14-ü… Ordumuz cəbhədə irəlilədikcə, tərtərlilərin sevinci də aşıb-daşırdı. Müharibənin törətdiyi bütün çətinliklərə baxmayaraq, əhali evində-eşiyindəydi. “Cəbhədə döyüşən oğullarımız bilsinlər ki, işıqlarımız yanır, həyat davam edir”, –hamının fikri beləydi. Ədavət Axundov da bu cür vətənpərvər insanlardan idi. Hər bir azaərbaycanlı, hər bir tərtərli kimi, o da qələbənin yaxınlaşmasına çox sevinir və bu işə əlindən gələn köməkliyi göstərmək istəyirdi.
    Oktyabrın 14-də həyətlərinə düşən düşmən topunun mərmisindən ətrafa dağılan qəlpələr onun ürəyini əbədi susdurdu.
    Oktyabrın 15-i… Tərtərdə baş verən hadisə – şəhər qəbiristanlığındakı dəfn zamanı burada sakinlərin bilərəkdən qəddarcasına qətlə yetirilməsi insanlığa sığmayan daha bir erməni cinayətinin təzahürü oldu. Bu hadisə həm yerli, həm də xarici media nümayəndələrinin diqqət mərkəzində saxlanıldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 4 dinc sakinin ölümü, qalanlarının yaralanması ilə bağlı hadisəyə öz münasibətini bildirdi, şəhidlərin ailələrinə başsalığı verdi, dünya ictimaiyyətini erməni vandalizmini pisləməyə çağırdı.
    Düşmən tərəfindən törədilən terror nəticəsində 4 ailənin çırağı söndü. Mamırlı kəndinin sakini Pərviz Orucov, onun qaynatası İsgəndər Əmirov, gözəl insan, tərtərlilərin sevimlisi Vasif Rüstəmov və əslən kəlbəcərli olan Şakir Zamanov həmin gün şəhidlik zirvəsinə ucaldılar.
    Vasif Rüstəmovun bacısı Ziyafət Rüstəmova deyir:
    –İkili standartlardan çıxış edən, ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil edənlər bu hadisələri gözləri önünə gətirib, bir az düşünsələr, kimin terrorçu olduğunu, kimin vandalizmə əl atdığını anlayacaqlar. Baş verənlər erməni xalqının tarixinə qara ləkə kimi yazılacaq. Biz isə ürəyimizin bir parçasını itirsək də, rahatıq, çünki qisas qiyamətə qalmadı. O hadisələri törədənlərə qəbiristanlıqlarda, evlərdə, küçələrdə deyil, döyüş meydanında cavab verildi.
    Oktyabrın 20-də Tərtər daha bir mülki şəhid verdi. Bu dəfə şəhər sakini, gözəl oğul və qayğıkeş ata olan Anar Quliyev erməni vandalizminin növbəti qurbanı oldu. Hadisə Tərtərin Cəmilli kəndində baş vermişdi.
    Oktyabrın 24-də tərtərlilər Xoruzlu kəndinin 16 yaşlı sakini Orxan İsmayılzadəni son mənzilə yola saldılar. Orta məktəb şagirdi olan Orxan bağda meyvə yığarkən ağır silahlardan atılmış artilleriya mərmisinin qəlpəsi həyatına son qoydu.
    Bunlar 44 gün ərzində təkcə Tərtərin dinc əhalisinin ermənilər tərəfindən məruz qaldığı vandalizm aktlarıdır. Bərdədə, Gəncədə, ölkəmizin digər bölgələrində baş verənlərdən də dünya ictimaiyyəti xəbərsiz deyil. Bəs, nəyə görə bəzi dırnaqarası demokratlar, sülh tərəfdarları erməniləri yalnız məzlum, əzabkeş kimi təqdim etməyə çalışırlar? Bu durmu əzabkeşlik?
    Baş verənləri xalqımız heç zaman unutmayacaq. Bununla belə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən sülh təşəbbüsləri, sülhə yavaş-yavaş yaxınlaşmağımız hər birimizi ürəkdən sevindirir. Kimin humanist, kimin isə terrorçu olduğunu aydınlaşdırmaq çətin deyil.

    Müəllif: Redaktor, 12:03

İsmarıclar bağlıdır.