Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Okt

    ARZULAR GERÇƏKLƏŞƏNDƏ…

    Yaxşı yadımdadır, təxminən 13 il bundan əvvəl rayon icra hakimiyyətinin əməkdaşı Svetlana Əzizova redaksiyamıza balaca bir qız gətirmişdi. Öyrəndik ki, o, hələ uşaq bağçasına gedir, ancaq gözəl səsi, musiqi duyumu olduğu üçün, yavaş-yavaş tanınmağa başlayır.
    Qəzetimizin gənc əməkdaşı Şəlalə o zaman “Şuşaya aparan səs” adlı kiçik bir məqalə yazdı. Məqalənin həcmi kiçik olsa da, mənası böyük idi. Bununla da biz həmyerlimizə öz xeyir-duamızı verdik.
    Şəlalə yazırdı: “Hamımız onun başına yığışdıq. O isə özünəməxsus uşaq səsi, şirin Qarabağ ləhcəsi ilə oxuduqca nədənsə “Mən mahnı qoşuram” filmindəki şuşalı uşaqları xatırladım. Qarabağın çal-çağırlı günləri, filmdəki balaca Sona və başqaları bir-bir gözlərimin önündən keçdi”.
    Gənc həmkarımın yazısında körpə uşağın səsinə vurğunluqla yanaşı, Qarabağ həsrəti, bu yerlərə qovuşmaq arzusu vardı. Çox şükürlər ki, Şəlalənin və onun kimi milyonlarla azərbaycanlının ürəkdən gələn bu arzusu bu gün gerçəkləşib. Aytacın səsi indi həqiqətən Qarabağdan, eləcə də digər möhtəşəm səhnələrdən eşidilir.
    Uşaq bağçasının yetirməsi kimi haqqında məqalə hazırladığımız qəhrəmanımız hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xanəndə-vokal fakültəsinin tələbəsidir.
    O, Heydər Əliyev adına sarayda və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən konsertlərdə çıxış edib. Respublikamızın bir çox şəhər və rayonlarında, o cümlədən Füzuli rayonunda keçirilən musiqi festivallarıının iştirakçısı olub. Zaur Baxşəliyevin “Bizimləsən”, “Tanıdım səni” telelayihələrində iştirak edib və qiymətli hədiyyələr və diplomlarla təltif olunub.
    Orta məktəb illərində rayonumuzda keçirilən bütün tədbirlərin bədii hissəsində Aytac Süleymanzadənin çıxışları al-qışlarla qarşılanırdı. Bu fəallı-ğına görə rayon rəhbərliyi tərəfindən qiymətli hədiyyələrə və diplomlara layiq görülüb.
    Aytac 13 iyun 2005-ci ildə Tərtər rayonunda anadan olub. Ailənin böyük uşağıdır. Şəhər 1 saylı tam orta məktəbin məzunudur. Xalası Rəfiqə müəllimin təşəbbüsü ilə 3-cü sinifdə oxuyarkən Tərtər rayon musiqi məktəbinin fortepiano sinfinə yazılıb və oranı müvəffəqiyyətlə bitirib. Xalası oğlu Fərman Əsgərovun musiqiçi olması onun bu sahəyə marağını artırıb. Fərmanın köməkliyi ilə o, muğamlarımızı və xalq mahnılarını öyrənib və həyatını incəsənətə həsr etməyi qərara alıb.
    Bir zamanlar “Yeni Tərtər” balaca Aytaca, indi isə tələbə Aytac Süleymanzadəyə xeyir-dua verir. Arzu edirik ki, öz məlahətli səsi ilə xalqımızın sevimlisi, Tərtərin fəxri olsun.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:23

İsmarıclar bağlıdır.