Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,660
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Okt

    Bəli, yeni həyata qədəm qoyarkən bu yola ilk zaman kiçik addımlarla başlasaq, daha yaxşı olar. Çünki o kiçik addımlar bizə həyatı öyrənməyə yardımçı olacaq.
    Dünyadakı hər bir insanın öz arzu və istəyi var. Bunları yerinə yetirmək üçün biz əlimizdən gələni edirik. Ona görə ki, gələcəkdə hər hansısa peşənin sahibi olmaq istəyirik. Bunun üçün də ilk addım olaraq məktəbdən başlamaq lazımdır. Müəllimlər bizə həyatı, keçmişi, gələcəyi və Vətənə necə layiqli övlad olmağı öyrədən şəxslərdir. Artıq biz bəzi məlumatları öyrənib, yetkinlik yaşına çatdığımızdan, arzu və istəklərimiz üçün daha böyük həvəslə çalışmağa başlayırıq. Qarşımıza məqsəd qoyuruq. Öncə ailəmizin dəstəyi, sonra isə özümüzün iradəli və əzmkar olmağımız bizə yardımçı olur.
    Gəlin sizə özümün atdığım kiçik addımlardan bəhs edim. Əvvəlcə qarşıma məqsəd qoydum ki, mən gələcəkdə jurnalist olmalıyam. Bilirsiz ki, insanın məqsədi və arzusu olmadısa, o, istədiyi sahədə uğurlar əldə edə bilməz . Mən jurnalist sənətini çox sevirəm. Çünki insanlara dünyada baş verən hadisələri çatdırmaq istəyirəm. Bunun üçün də dərslərimə var gücümlə çalışdım. Bu isə mənim üçün çox böyük addım idi. Düzdür, bəzən çox yorulurdum, yuxusuz gecələrim olurdu, amma istəyimdən dönmədim. Bilirdim ki, gələcəkdə əziyyətimin bəhrəsini görəcəm.
    Düzdür, gələcək həyatımızda hansı hadisələrin baş verəcəyini bilə bilmərik. Lakin o həyatı yaxşı və ya pis yaşamaq bizim əlimizdədəir. Mənim çox sevdiyim bir fikir var. Deyirlər ki, həyat hər zaman bizi sınaqlardan keçirir. Əsas odur ki, məqsədin olsun, qorxmadan irəliyə gedəcən.
    Hər bir insan həyatında fərqli metodlardan istifadə edir. Bilirsiniz niyə? Çünki həyatı dərk etmək istəyir. İstədiyimiz yolda yorulmadan irəliləmək bizlərin arzusudur. Tək arzu və istəklərimizi yerinə yetirmək deyil, gələcək həyatı daha da gözəl etmək üçün əlimizdən gələni edirik. Məsələn, şəhərlər salınır, yeni texnikalar yaradılır. Bunların hər biri həyatımızı gözəl yaşamaq üçündür. Elə bir dövrdəyik ki, artıq hər bir informasiyanı internet saytlarından götürə bilirik. Qeyd etdiyim kimi, bunlara da kiçik addımlarla başlanılıb. Bu atılan addımlar isə bizim həyatımıza gözəlliklər bəxş edib.
    Həyat çox gözəldir, onu səmərəli və layiqincə yaşaya bilənə. Uşaqlıqdan qurduğumuz xəyalları gerçəkləşdirməyə çalışırıq. Bu isə bizim üçün çox böyük addımdır. Həyatımızda bəzən çox maneələr çıxa bilər. İstədiyimiz olmaya da bilər, lakin bunun üçün arzumuzdan əl çəkməyimiz doğru deyil. 1-ci cəhd olmadı, 2-ci cəhd olacaq. Necə deyirlər, “Hər şərdə bir xeyir var”. Ümidinizi əsla itirməyin. Siz siz olun, atdığınız addımdan heç bir zaman peşiman olmayın. Çünki bu, sizin seçiminizdir və bunu yaşamalı idiniz.
    Minlərlə kilometrlik yola çox kiçik addımlarla başlayan insanlar seçdiyi yoldan, atdığı addımdan əsla geri dönmürlər. Çünki biz insanlar hər şeyi bacarmağa qadirik. Sadəcə yolumuzda dürüstlüyə, iradəyə, əzmə ehtiyacımız var.
    İstədiyin peşənin sahibi olmaq çox gözəl hissdir. Bu yolda addımlarını atmaq cəsarət tələb edir. Bu cəsarət isə hər bir insanda var. Həmyaşıdlarıma tövsiyəm budur ki, arzunuz və məqsədiniz uğrunda çalışın. Qorxmayın , cəsarətli olun, addımınızı uğurlu atın. Allah əziyyət çəkənin əziyyətini hər zaman gözəl mükafatlandırır. Səbrli olun, uğur sizindir.
    Mən bu məqaləni yazanda abiturient idim, bu gün tələbəyəm. İnsan həyatda inamla addımlayanda, uğur qazana bilir.

    Səbinə Elxanqızı,
    Naxçıvan Dövlət Universitetinin
    Jurnalistika ixtisası üzrə
    I kurs tələbəsi

     

    Müəllif: Redaktor, 10:54

İsmarıclar bağlıdır.