Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gedib.
Prezident İlham Əliyev Bişkekdə mətbuata bəyanat verib.
Dövlətimizin başçısı bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir.
Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.
Yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunub.
Prezident İlham Əliyev effektiv əməkdaşlığın konkret nümunələrindən danışaraq deyib ki, Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb.
Diqqətə çatdırılıb ki, Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq.
Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında da çıxış edib.
O deyib ki, bu gün Türk dünyası yeni potensial əldə edir. Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq.
Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.
Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır. Bəyannamə uğurla həyata keçir. Bəyannamə daha konkret məzmunla zənginləşəcək. Birgə İnvestisiya Fondunun yaradılması barədə qərar belə amillərdən biridir.
Qeyd edilib ki, Azərbaycan uzun illərdir ki, investor ölkədir. Qarşılıqlı maraqlara xidmət edən investisiyalar yeni imkanlar yaradır.
Biz münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq. Artıq hökumətlərarası komissiyanın iclası Bakıda təşkil olunub və gələn il Bişkekdə keçiriləcək.
Dövlətlərarası Şura, hökumətlərarası komissiya – bunlar o mexanizmlərdir ki, bizə həmişə əlimizi nəbzimizdə tutmaq və hədəflərə nail olmaq üçün nə etmək lazım olduğunu görmək imkanı verəcək.
Artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəlik müəyyən olunub. Azərbaycanda Qırğızıstanın mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək.
Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək.
Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər – həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır.
Bildirilib ki, Azərbaycandan çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də keçir. Artıq həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar var. Burada həyata keçirilən layihələr haqqında informasiya və sinxronlaşdırma ilə bağlı məsələlər çox vacibdir. Çünki regionda infrastruktur layihələri hazır olan zaman biz nəqliyyat potensialımızı genişləndirməyə hazır olmalıyıq ki, investisiyalar daha səmərəli olsun.
Səfər çərçivəsində Azərbaycan və Qırğızıstan Respublikaları arasında bir sıra mühüm sənəd imzalanıb.