Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Okt

    Oktyabrın 6-da Praqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşləri olub.

    Görüş zamanı qeyd olunub ki, Azərbaycan Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır. İlk növbədə, enerji sahəsində. Buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu qeyd oluna bilər. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var.

    Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri siyasi dialoqdur. Yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb.

    Bildirilib ki, nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur.

    Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir.

    Dünyada mövcud geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırmışdır. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artmışdır. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda, elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir.

    Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək.

    Prezident İlham Əliyev deyib ki, sülhə yavaş-yavaş yaxınlaşırıq. Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə sülhə daha da yaxınlaşırıq. Cari dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub.

    Görüşlərin bir məqsədi var ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Təmaslar davam edir. Sülh prosesinə artıq təkan verildi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bunun ardı kəsilməməlidir. İşçi qrupu sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olmalıdır.

    Dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Ermənistanın bu addımları sülhə zərər gətirir. 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Minaların basdırılması yeganə cinayət deyil.

    Bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Buna da son qoyulmalıdır. Qarabağ Azərbaycandır! Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir.

    Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.

    Qeyd olunub ki, sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də bu, müsbət addımdır. Yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar. Azərbaycan tərəfindən elan edilən beş prinsiplə bağlı heç kimin sualı yoxdur.

    Xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur.

    Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Ermənistan tərəfindən öz öhdəliyinin pozulması faktı son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Kommunikasiyaların açılması artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir.

    Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib. Bu, Azərbaycanın növbəti diplomatik qələbəsidir.

    Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.

    Sərhədlərin delimitasiyasına da razılıq əldə olunub. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir.

    Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu. 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı.

    Prezident İlham Əliyevin bir-birinin ardınca əldə etdiyi diplomatik qələbələr sülh müqaviləsinin imzalanmasını daha da yaxınlaşdırır.

     

    Müəllif: Redaktor, 09:00

İsmarıclar bağlıdır.