Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birgə şəhid Bağırlı Mirsədi Mircəfər oğlunun ailəsini ziyarət edib, onlara başsağlığı verib.
Tərtər Cümə Məscidinin imamı Sadıq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Əslən Tərtər rayonunun Umudlu kəndindən olan Kiçik gizir Mirsədi Bağırlı 12 iyun 2000-ci ildə Bərdə rayonunun Mehdixanlı kəndində anadan olub. 2018-20-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olan Mirsədi sərhədçi peşəsinə çox maraq yaranıb. O, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət edib. 2020-ci il fevralın 8-də xidmətə qəbul edilib, az vaxtda hərbi kollektivin etimadını qazanıb.
44 günlük Vətən müharibəsində Mirsədi snayperçi kimi iştirak edib. Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə fərqlənib. O, Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub və Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub.
Kiçik gizir Mirsədi Bağırlı ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” “Döyüşdə fərqlənməyinə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Mirdəsi Bağırlının qardaşına göndərdiyi son səs yazısında “Mən şəhid olsam ağlamayın, fəxr edin ki, qardaşım şəhid olub, Tanrı dərgahında imamlarımızın, peygəmbərlərimizin yanındadır,”- deyir.
Mirsədi dediyi kimi Tanrı dərgahında şəhidlərin yeri başqadır, onlar Ulu Tanrının sevdiyi bəndələrdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!