Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 5 oktyabr–Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllim işləyən şəhid valideynləri–Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyevi və anası Səkinə Əliyevanı telefonla zəng edərək təbrik edib, şəhid Qubad Hacıyevin atası Cəmil Hacıyevi, şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyevanı, şəhid Pərviz Orucovun anası Dilruba Orucovanı isə evlərinə gedərək peşə bayramlarını təbrik edib, onlara gənclərin təlim-tərbiyəsində müvəffəqiyyətlər arzulayıb.
Qeyd edib ki, müəllim us-taddır, öyrədəndir. Hər birimizdə müəllimin bir zərrəsi var. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən Ümummilli Lider Heydər Əliyev müəllimin əməyini həmişə yüksək qiymətləndirib, təhsil işçilərinin maddi rifah halının yaxşılaşdırılmasının həmişə qayğısına qalıb. Bu gün bu qayğı ölkə rəhbəri və Birinci vitse-prezident tərəfindən davam etdirilir. Rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə, müəllimlərin sosial durumunun yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə göstərdikləri diqqət və qayğını dilə gətirib. Bildirib ki, təhsildə əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb.
Sonra icra başçısı müəllim işləyən şəhid valideynlərinə rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərman və gül buketi təqdim edib. Onların övladlarının Vətən yolunda şəhid olduqlarını, şəhidlərin isə Tanrı dərgahında ayrıca yeri olduğunu bildirərək, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizə rəhmət diləyib.
Şəhid valideynləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.