3 oktyabr 2020-ci il tarixi Mirzəli Rəşad Hafiz oğlunun şəhadətə qovuşduğu gündür. Şəhidin ikinci ildönümü münasibəti ilə rayon rəhbəri onun ailəsində olub, başsağlığı verib və qayğıları ilə maraqlanıb.
Mirzəli Rəşad Hafiz oğlu 26 may 1995-ci il tarixdə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Hərbi xidmət zamanı Sülhməramlı Qüvvələrin sırasında 6 ay qulluq etdikdən sonra könüllü olaraq 2014-cü ildən sonra 2015-ci ilə kimi Əfqanıstanda xidmət edib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətə görə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan ona gümüş saat bağışlayıb. Bu, Rəşadın ən çox sevdiyi hədiyyələrdən olub. Özü sağ ikən evlərində şəhidlər guşəsi yaradıb, bəlkə də bir vaxt bu otaqda onun da şəkli qoyulacağı ürəyinə damıb.
Həyatını hərbiyə bağlayıb, Mingəçevir İdman və Turizm kollecinə daxil olsa da, gizirlik kursunu keçib, təyinatını “N” saylı hərbi hissəyə alıb. 2020-ci il 27 sentyabr Vətən müharibəsi başlayanda Murov yüksəkliyi və Talış kəndi uğrunda döyüşlərdə iştirak edib, qolundan yaralansa da döyüş meydanını tərk etməyib, neçə-neçə yaralı dostunu, yoldaşını çiynində daşıyıb. 2020-ci il oktyabrın 3-də şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.
Rəşad Mirzəlinin doğulduğu kənddə onun adına bulaq inşa edilib, oxuduğu məktəbdə adına guşə düzəldilib.
Rəşadın əziz xatirəsi onun sevənlərin ürəyində həmişə yaşayır.