Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 04Okt

    3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.

    Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

    Müstəqilliyin ilk illərində respublikaya rəhbərlik edənlər sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.

    Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçiləndən sonra ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmışdır. Qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

    Ulu Öndər Heydər Əliyev ölkənin və xalqın ən ağrılı anında xilaskarlıq missiyasını yerinə yetirmişdir. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.

    Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün əvəzsiz lider Heydər Əliyevi Bakıya dəvət etdi. 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və qiyamın qarşısını aldı.

    Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bugünkü həyatımız Heydər Əliyev yolunun yeganə düzgün yol olduğunu təsdiq edir.

    Ulu Öndər Heydər Əliyevin siyasi irsi bizim üçün əvəsiz xəzinədir. Ümummilli Lider qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.

    Gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi peşəkarlıq sayəsində Ulu Öndər “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” və s. bu kimi adlar qazanmışdır.

    Ulu Öndər Heydər Əliyevin nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Heydər Əliyev müzakirə olunan məsələnin mahiyyətini açmağı, mövzunu milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı.

    Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.

    Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir.

    Ulu Öndər Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Ümummilli Liderin siyasi fəaliyyəti deməyə əsas verir ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanır.

    Ulu Öndərin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirirdi və tərəf müqabilləri onun siyasətini birmənalı olaraq qəbul edirdilər.

    Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onları Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modeli qurulmuşdur. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi.

    1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir.

    Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.

    Qərbə inteqrasiya yolunu tutan Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

    Ulu Öndər Heydər Əliyev qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilirdi. Qadın siyasətinin dövlət səviyyəsinə qaldırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına güclü stimul vermişdi.

    Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir.

    1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində respublika ərazisində səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyulmuş və təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olunmuşdur.

    1993-cü ildən etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyi durur. Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.

    İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər dövlətçilik ənənələrin inkişafına xidmət edən Ulu Öndər Heydər Əliyevin bilavasitə xidmətidir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər oldu.

    Ulu Öndər Heydər Əliyev mühüm demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı idi. Onun təşəbbüsü ilə kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi.

    Məhz Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət yürüdən dövlət kimi tanındı. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu.

    Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu milli maraqlara xidmət edən xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.

    Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.

    Bu sahədə Ulu Öndərin başladığı işi onun siyasi varisi Prezident İlham Əliyev başa çatdırıb və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail olub.

     

    Müəllif: Redaktor, 10:50

İsmarıclar bağlıdır.