Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Sen

    Qəhrəmanlığı dillər əzbəri olan igidlərimizdən biri də Aslanov Xəyal Qüdrət oğludur. Yoldaşları ona “İkinci Mübariz”, “Suqovuşan fatehi” deyirdilər. Qorxmaz, mərd, dostluqda sədaqətli bir əsgər olub. Ailədə isə sirdaşı anasıydı. Atası ilə aralarında möhkəm bağlar olsa da, hər ikisi hisslərini biruzə verməyi xoşlamırdı. Anasından isə doymurdu Xəyal. Şəhid olandan sonra cibindən çıxan şeirində də bunu etiraf etmişdi.
    Xəyal Aslanovun ailəsi keçmiş Ağdərə rayonunun İmarət Qərvənd kəndindəndir. 1992-ci ildə kənd er-mənilər tərəfindən işğal edildikdən sonra, ailə Tərtərdə məskunlaşıb. Xəyalın dayısı Natiq Həsənov 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban kəndinin ermənilərdən müdafiəsi zamanı həlak olub. O, tələbəymiş, könüllü olaraq torpaqla-rımızın müdafiəsi uğrunda döyüşlərə qatılmışdı.
    1994-ci il martın 5-də Tərtər şəhərində anadan olan Xəyal Aslanov dayısını yalnız şəkillərdə görmüşdü, ancaq anasının söhbətlərindən daim xəyalında bir qəhrəmanın xatirəsini yaşadır, ona bənzəmək istəyirdi.
    Xəyal Aslanov 2012-ci ildə rayonumuzda şəhər 5 saylı tam orta məktəbini bitirib. Elə həmin il müddətli həqiqi hərbi xidmətə çağırılıb. Əsgərliyini Naxçıvanda keçib. Nümunəvi xidməti ilə fərqlənib.
    Ordudan təxris olunduqdan sonra fikrini anasına bildirərək deyib ki, işğal altında olan torpaqlarımız azad edilməyincə, mən rahat ola bilmərəm, hərbiyə gedəcəyəm.
    Xəyal arzularının dalınca gedərək gizirlik kursunu bitirib. 2014-cü ilin oktyabr ayından Ağdamda işə başlayıb, tağım komandiri olub. Aprel döyüşlərində fəal iştirak edib. Bunu nəzərə alaraq, Aprel döyüşlərindən sonra onu kəşfiyyatın operator komandiri təyin ediblər. Ballı Qayaya göndərilib, sonra Mübariz Postunun komandiri olub.
    Məhz buradan Xəyal öz əsgərlərilə Suqovuşan uğrunda hücuma keçib. İlk əməliyyat uğurlu olub. Çox mühüm strateji yüksəklik alınıb. Lakin Xəyalın komandiri, qərargah rəisi, gənc zabit Raqib Hüseynov yaralı vəziyyətdə minalanmış ərazidə qalıb. Əsgərlərdən neçəsi komandirin arxasınca getmək istəyibsə, Xəyal icazə verməyib. Deyib, siz minalardan keçə bilmərsiniz, mən özüm gedəcəyəm. Gedib və yaralı zabiti gətirə bilib. Onlar BMP-nin yanında olanda, ermənilər partladıcı raket atıblar. Bu zaman həm BMP-nin içindəkilər, həm də ətrafdakılar şəhid olublar.
    Deyirlər ki, iki dost və silahdaş– Xəyal və komandiri Raqib, həyatda bir olduqları kimi, şəhidliyə də birlikdə, əl-ələ tutaraq ucalıblar.
    Əsgərlər Şahin, Ruslan danışırlar ki, Xəyal bizim üçün yalnız komandir deyildi, həm də ata, qardaş idi. Səliqə-səhmanımıza çox fikir verirdi. Həmişə maşınında təzə köynəklər saxlayırdı, biz məzuniyyətə gedəndə, hər birimizə bağışla-yırdı ki, evimizə səliqəli gedək.
    Nəzakət ana Xəyalın şəxsi əşyalarının arasından götürdüyü Azərbaycanın xəritəsini bizə göstərdi. Bu xəritədə Ağdərənin yanında Xəyal “X” hərfi yazıb. Görünür Ağdərəni azad etmək, bu torpağa ilk qədəm qoyanların sırasında olmaq onun arzusuydu. O, bu istəyinə çata bilməsə də, Vətən müharibəsində Qələbəmizi yaxınlaşdırmaq üçün çox iş görüb. Bir hərbçi, vətəndaş kimi üzərinə düşən vəzifəni şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə ucalıb.
    Xəyal Aslanov ailəli idi. 2015-ci ildə Nərmin xanımla ailə qurub. İki övladı – Umud və Uğur bizə yadigar qalıb. Dövlətimiz tərəfindən ailəyə yeni ev tikilib. Yoldaşları bu evə hədiyyə olaraq Şuşadan dibçəkdə əkilmiş “xarı bülbül” gülü gətiriblər.
    Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Xəyal Aslanov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
    Xəyal Aslanov sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Rayonumuzun Sarıcalı kəndində dəfn edilib.

     

    Müəllif: Redaktor, 10:57

İsmarıclar bağlıdır.