Xidmət etdiyi taborda yoldaşları onu belə çağırırdılar. Pəhləvan cüssəli, igid bir oğlan idi. 1985-ci il iyulun 2-də rayonumuzun Yuxarı Qapanlı kəndində doğulmuşdu. Ailədə 2 qardaş, 3 bacı olublar.
Böyük qardaş kimi Elməddinin üzərinə həmişə ağır yük düşürdü. Anasının köməkçisiydi. Böyük bir ailənin qayğılarını çəkmək o qədər də asan deyildi. Ona görə də Elməddin işləmək üçün gah Bakıya, gah da Rusiyaya gedir, ancaq heç yerdə də rahat ola bilmirdi. Fikri düşmənin iki addımlığında yaşayan doğmalarının yanında qalırdı.
2018-ci ildə o, birdəfəlik kəndə qayıtdı və “N” saylı hərbi hissələrin birində xidmətə başladı. Bu zaman artıq onun kiçik qardaşı Samir də ordudaydı. Samir bu yolu 2014-cü ildən seçmişdi.
44 günlük Vətən müharibəsi başlayanda, hər iki qardaş Vətənin müdafiəsi uğrunda gedən ölüm-dirim savaşına qoşuldu. Müxtəlif istiqamətlərdə döyüşürdülər. Elməddin Ağdərə istiqamətində, həmlə bölüyündəydi. Qardaşının döyüşdüyü hərbi hissə isə Murovdan hücuma keçmişdi.
Tez-tez danışır, bir-birindən xəbər tuturdular.
Sentyabrın 28-də Elməddin bacısı Mətanətlə danışıb, qardaşını soruşub. Onda Samir yaralanmışdı, hospitaldaydı. Bu xəbəri eşidən böyük qardaş səhərə kimi Samirə zəng vurub, lakin o, əməliyyat olunduğu üçün cavab verə bilməyib.
Sentyabrın 29-da isə Suqovuşan istiqamətində döyüşlər başlayıb. Bu döyüş zamanı xüsusi şücaət və igidlik göstərən Elməddin Əliyev iki dostu – Hüsənli kəndindən Eşqin Hüseynov və Mamırlıdan Mirşəmsi Babazadə ilə birlikdə şəhidlik zirvəsinə ucalıb.
Onun yaxın dostu, sinif yoldaşı Rəşad deyir:
– Elməddin uşaqlığından təəssübkeş, dostcanlı idi. Heç kim bizim sinfin uşaqlarının xətrinə dəyə bilməzdi. Elməddin dərhal müdafiə edirdi. Böyüdü, ətrafındakılara olan münasibəti sonsuz Vətən sevgisinə çevrildi. Vətənin çağırışı ilə onun müdafiəsinə qalxdı və bu yolda şəxsi arzularını qurban verdi. Buna ölüm demək olmaz. Elməddin də, onun kimi bütün şəhidlərimiz də ölümləri ilə öl-məzlik qazandılar.
Əliyev Elməddin İlqar oğlu Qaynaq kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elməddin Əliyev ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.