SƏDAQƏT
Nə açıq bir söz demişdi, nə vədə almışdı. Gözləri danışmışdı o qızla . Kəndlərinin sayılıb-seçilən gözəli ilə. Gözlə demişdi məni. Qayıdacağam. Əhdinə vəfasız çıxma. Səni gözü yolda, tənha qoymaram.
Baxışlarla möhkəmlənmişdi bu əhd, bu ilqar. Hamı qız qapısından boş dönən elçilərin üz-gözündən hər şeyi oxumuşdu. Heç ata-anası da heç nəyi qızlarının üzünə vurmamışdı. Başa düşmüşdülər bu lal sevdanı.
İnsanı yaşadan ümiddi, deyirlər. Ən son ölən də ümiddir. O qız da ümidin pənahına sığınıb gözləmişdi. Nigarançılıqdan üzülə-üzülə, gizli göz yaşları axıda-axıda gözləmişdi. Ta ümidi qırılana qədər.
Bir payız soraqlı nalə sevgisinin xəzanını gətirənə qədər gözləmişdi. Özünə söz vermişdi ki, ölənədək gözləyəcək.
Elinə arxa çevirməyən igidə verilmişdi bu söz. Və o sözündən çıxa bilməzdi. O igid canını Vətəninə qıydığı kimi, o gözəl də sevgisinə qıyırdı. Sədaqətin, dözümün sübutu kimi.
Rəfayə Əzizova