Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Sen

    Tərtər rayonunun Ələsgərli kəndində şəhidlik zirvəsinə ucalan kənd sakinlərinin xatirəsinə inşa edilən xatirə abidə kompleksinin açılışı olub.

    Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin Deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət və KİV nümayəndələri, kənd sakinləri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Ələsgərli kəndinin şəhidlərindən söhbət açıb. Qeyd olunub ki, Ələsgərli kəndi Birinci Qarabağ müharibəsində 6, Vətən müharibəsində isə 2 nəfər şəhid verib. Onların doğulub boya-başa çatdıqları kənddə xatirələrinə ucaldılmış bu abidə kompleksi şəhidlərimizə göstərilən böyük ehtiramın təcəssümüdür. Məhz onların sayəsində torpaqlarımız işğaldan azad olunub. Bu gün mən rayon rəhbəri kimi belə igid oğullar dünyaya gətirdikləri üçün bütün şəhid valideyinləri qarşısında baş əyirəm, qazilərimizə can sağlığı diləyirəm.

    Rayon rəhbəri Vətən müharibəsində Tərtər rayonun infrastrukturuna dəyən ziyandan, Vətən uğrunda canından keçmiş Tərtərdən olan 66 hərbi, 16 mülki şəhiddən də söhbət açıb, onların qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb. Bildirib ki, şərəfli döyüş yolu keçən, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə Qələbə sevincini yaşadıb, Zəfər gününü tarixə yazıb.

    Rayon rəhbəri bu gün də düşmənin dövlət sərhəddində genişmiqyaslı təxribatlar törətdiyini, bu təxribat nəticəsində yeni şəhidlər verdiyimizi, ancaq Müzəffər Azərbaycan Ordusunun şəhidlərin qisasını aldığını, tarixi dədə-baba torpaqlarımızın bir hissəsinin geri alındığını bildirib.

    Tədbirdə iştirak edən Milli Məclisin Deputatı Sahib Alıyev də çıxış edib. Deputat 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, tarix yazan Ordumuzdan, bu gün dövlət sərhəddində Ermənistan tərəfindən törədilən təxribatlardan, düşmənə verilən layiqli cavabdan da danışıb. Şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğını dilə gətirib.

    Sonra Ələsgərli kənd tam orta məktəbinin müəllimi Telman Həsənov, kənd ziyalısı Məhəmməd Şirinov, vətən müharibəsi qazisi İntiqam Sarıyev çıxış edərək şəhidlərin qısa, şərəfli həyat yolundan, onların Vətən müharibəsində göstərdikləri igidliklərindən söz açıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.

    Sonda məktəblilər tərəfindən vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.

    Saat 12:00-da isə tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

     

    Müəllif: Redaktor, 08:49

İsmarıclar bağlıdır.