Görüş zamanı kəndin ümumi problemləri diqqətə çatdırılıb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Ələsgərli kəndində səyyar qəbul-görüşü keçirilib. Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
Rayon icra hakimiyyəti-nin başçısı sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi geniş-miqyaslı təxribatların qarşısını alan zaman Azərbaycan Ordusunun şəhid verdiyini bildirib, şəhid ailələrinə dərin hüznlə başsağlığı verib, Ulu Tanrıdan onlara rəhmət diləyib. Qəbul zamanı öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon rəhbəri kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Qeyd edilib ki, Ələsgərli kəndində son üç ildə 3 ədəd subartezian quyusu qazılıb, 1000 metr su arxı lildən təmizlənib, kəndin mərkəzi yoluna asfalt örtüyü salınaraq kənar hissələri abadlaşdırılıb.
İcra başçısı sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra sakinlərin müraciətləri dinlənilib.
Kənd sakinlərindən Rafiq Əliyev yeni subartezian quyusunun qazılması, işıq naqillərinin sip kabellə əvəzlənməsi, Məhəmmədəli Məmmədov elektrik dirəklərinin dəyişdirilməsi və kəndin su arxına qapı qoyulması və digər məsələ-lərlə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
“Yeni Tərtər”