Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Mar

    «Yeni Tərtər » qəzetinin baş redaktoru  Tofiq Yusifə

     Çox möhtərəm Tofiq müəllim!

    Son illər qəlbimin və qələmimin susduğunu yaxşı bilirsiniz. İradəsiz və mətanətsiz bir insan olaraq yaradıcılıq əzablarından qaçdım. Bəsirət gözüm bağlandı, həyatda işıqlı heç nə görməyərək depressiyaya qərq oldum. İlham məndən uzaq düşdü.

    Dünyada mənə ən əziz olan üç əvəzsiz neməti (dağlarımızı, meşələrimizi, kəndimizi) itirməklə bahəm bir çox inam və inanclarımın puç və əfsanə olduğunu görmək məni sarsıtdı, çilik-çilik elədi, ümidsizlik kölgəsinə çevirdi.

    Vaxtilə kənddə, cavanlığın şahlıq taxtında olarkən Əli Kərimin «dərdli səhərlər» ifadəsinə çox təəccüblə baxardım. Necə yəni «dərdli səhərlər»? Səhərə də dərd yaraşarmı? Səhər yeni günün işıqlı başlanğıcıdır, sevincidir, fərəhdir, qanadlanan arzulardır.

    Taleyimə qaçqınlıq düşdü, «dərdli səhərlərin» nə olduğunu anladım: səhər yuxudan ayılırsan, ilk duyduğun bu olur ki, öz evində-eşiyində, elində-obanda deyilsən–sən qaçqınsan! (Necə yaraşdırmaq olar bu sözü insana?!)

    Köksünə dağ boyda bir dərdin ağırlığı çökür, yerindən qalxmaq, harasa getmək, nəsə etmək–yaşamaq istəmirsən.

    Bax, beləcə başlanır mənim hər səhərim. Və özüm özümə yalvarıram ki, ayağa qalxım, bu mənasız ömrü yaşamağa davam edim. Dünənin şirinliyini, bugünün acılığını, sabahın qaranlığını duya-duya.

    Bu yaşayış tərzi məndə ölümə rəğbət yaratdı. Onun zəruriliyini, misilsizliyini anladım, Tanrının ikinci ən böyük möcüzəsi olduğunu dərk və qəbul etdim. «Dünyada hər şeyin çarəsi var, ölümdən başqa» deyiminin yanlış olduğu qənaətinə gəldim. Axı, ölümün özü elə ən böyük çarədir. (Çarənin çarəyə nə ehtiyacı? Həyatda dərdə, əza-ba, iztiraba, xoş olmayan hər şeyə son qoyaraq dünyanı gözəllikdən düşməyə qoymayan ulu qüvvəyə eşq olsun!)

    Ölümün böyüklüyünü ilk duyanlardan biri rus mütəfəkkir yazıçısı Maksim Qorki (Acı Maksim) olmuşdur («Lara haqqında əfsanə»).

    Gözüm üstündə yer verdiyim bu dos-tumla ani bir görüş diləyindəyəm.

    Belə günlərimin birində hiss etdim ki, içimdə yeni bir şeirin mayəsi doğulur. Amma qəribə gəliş idi bu. İlhamın təbiətə baharın gəlişini xatırladan gəlişindən əsər-əlamət yox idi. Əzablı bir ağrıyla doğulurdu bu şeir.

    Düz on altı gün çəkdi bu ağrılar. İlk dəfə şahid oldum ki, şeir bu qədər müddətə yazılarmış. İlk dəfə şahid oldum ki, şeir ilhamsız, təkcə ağrıdan doğularmış.

    Ustad, deyin, şeir belə yarana bilərmi, şeirdirmi bu?

    Əgər şeirdirsə, doğma kəndim Umudlunun işğalı günü (28.02.92) ərəfəsində həyata vəsiqə verin. Qoy yaşasın və sərhəd tanımayan vətən küləyi onu oğlu ola bilmədiyim vətənimə çatdırsın, göyərçin dimdiyindəki bir su damlası kimi.

    zabil

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       

     Dərin ehtiramla:

    Zabil    Süleymanoğlu.

                                                                                                                                                                                                                                                          28.01.2015-ci il

    Müəllif: Redaktor, 12:46

    Teqlər:

İsmarıclar bağlıdır.