Bu sözləri şəhid Ceyhun Hacızadənin anası Qətibə xanım deyir. Ceyhungil ailədə 3 uşaq olublar – 2 qardaş, 1 bacı. O, ikinci övlad idi. Ceyhun valideynlərilə bərabər ailə qayğıları ilə yaşayırdı. Hər işdə anasının kömək-çisiydi. Elə dostlarına, sinif yoldaşlarına da münasibətində yanımcıllıq, doğmalıq vardı.
Hamıya can yandıran, kömək etməyə çalışan Ceyhun Vətənin çağırışına da birincilər sırasında cavab verdi. Anası ilə görüşəndə onun bir qədər qəmgin olduğunu görüb, demişdi: “Sənin Kəlbəcər həsrətin uşaqlığımdan mənə də keçmişdi, ana. İndi məqamdır. Bu həsrətə son qoyulacaq.”
Məcburi köçkünlərimizin torpaq həsrətinə son qoyan bu müharibə Vətənini canından çox sevən oğlanların qəhrəmanlığı sayəsində qazanıldı. Belə gənc-lərdən biri də Evoğlu kəndinin sakini Ceyhun Hacızadədir.
Hacızadə Ceyhun İfrayıl oğlu 1992-ci il avqustun 16-da rayonumuzun Evoğlu kəndində doğulub. Bu kənddə də orta məktəbi bitirmişdi.
Həqiqi hərbi xidmətini uğurla başa vurmuş, bundan sonra elə kəndlərində işləyərək, valideynlərinə, bacı-qardaşına kömək edirdi. Qardaşı Xaqani və bacısı Sevinc ailəliydilər, Ceyhun isə yenicə ailə qurmağa hazırlaşırdı. Müharibə başlamazdan bir az əvvəl nişanlanmışdı.
O, müharibəyə könüllü getmişdi. Qardaşı isə 5 ilə yaxın müddətdən artıq qulluq edirdi. Onlar müxtəlif istiqamətlərdə döyüşsələr də, tez-tez bir-biri ilə əlaqə saxlayırdılar. Ən böyük nigarançılıqları ailələrinə görəydi. Həmin vaxt mənfur ermənilər Evoğlu kəndini də atəşə tuturdular.
Oktyabrın 6-da Ceyhun topçu işləyən Xaqani ilə telefonla danışıb. Dönə-dönə tapşırıb ki, özünü qoru. Həmin gün səhər saat 6-da anası ilə də danışıb. Deyib, narahat olma, irəliləyirik, tezliklə həsrətini çəkdiyin dağlara qovuşa biləcəksən.
Ceyhun Hacızadə oktyabrın 6-da axşam Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəsi bu xəbəri səhərisi gün eşidib. O, oktyabrın 7-də Evoğlu kənd qəbiristanlığında dəfn olunub.
Bu gün Ceyhun doğmaları üçün qürur yeri, bütün xalqımızın fəxridir.
Ceyhun Hacızadə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Səhifənin materiallarını hazırladı: Svetlana Bağırova