İGİD DÖYÜŞÇÜ
Mehdi Sabirzadə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Onunla redaksiyamızda görüşdük. Sağlam düşüncəli, arzuları xoşbəxt gələcəklə bağlı bir gəncdir. İlk söhbətimizdən onun haqqında xeyli məlumat əldə etdim. Bildirdi ki, Səhlabad kəndindəndir. 2 saylı məktəb-liseyin 2015-ci il məzunu olub. Universitetdə sevdiyi ixtisasa yiyələnib. Vətənə xidməti borcunu Bakı şəhərində xüsusi təyinatlı qüvvələrdə çəkib. Hərbi xidmətini başa vurmağa 3 gün qalmış 44 günlük Vətən müharibəsi başlayıb. Hərbidə xidmət edən başqa oğullarımız kimi, o da odun-alovun içinə atılıb. 2020-ci il sentyabrın 21-dən gücləndirilmiş təlimlərə başlayıb. O zaman sanki hamının qəlbində ermənilərin cinayətlərinin qarşısının alınmasının vaxtı çatdığı, cavablarının verilməsi hissi vardı. Sentyabrın 27-də döyüşlər başlayanda Mehdi Goranboyda hərbi xidmətdəydi. Füzuli rayonundan Vətənin müdafiəsinə qoşuldu. Döyüş yolu Füzuli, Cəbrayıl, Hadrut, Topxana, Daşaltı və mədəniyyətimizin baş tacı olan Şuşamızdan keçib. Söhbətimizin əsasını da elə döyüş günləri təşkil etdi.
Mehdi bildirdi ki, o, erməni dilini hələ təhsil alarkən öyrənib. Döyüş zamanı bu dili bilməsi çox köməyinə çatıb. Əsir götürülmüş ermənilərdən onların məkrli planlarını öyrənməsi bir sıra cinayətlərin qarşısını almağa, qurduqları tə-ləyə onların özlərinin düşməsinə xeyli kömək olmuşdu. Döyüş günlərini xatırlayaraq Mehdi dedi:
– Cəbrayılda, Şuşada ermənilərin hücum əməliyyatının qarşısını alarkən bu dili bilməyim çoxlu sayda erməninin mühasirəyə düşməsinə, xeyli sayda silah-sursatları qoyub qaçmalarına, əsgərlərimizin xilas olmasına, xeyli sayda er-məni mənfurlarının məhvinə kömək oldu.
Müharibənin dayandığı gün, gözəl Şuşamızın azad olduğu vaxt Mehdinin Şuşanın mər-kəzində “Tərtər XTQ-052” ya-zısı maraqla qarşılandı, qürur doğurdu. İllərlə həsrət qaldığımız, igid, cəsur oğullarımızın qəhrəmanlığı sayəsində azad olunmuş torpaqlarda bu sözlərin yazıldığını görmək hər kəsi kövrəltməyə bilməzdi. Şuşanın mərkəzinə çatanadək yüzlərlə qeyrətli, vətənpərvər oğullarımızın şəhid olması, yaralı qalması hər birimizin yaddaşına əbədi həkk olunub. Axı, onlar arzularından, şirin canlarından keçiblər vətən yolunda. İgid döyüşçü 2021-ci ilin aprelində ordudan tərxis olunub. Bu da bir alın yazısıdır.
Bu gün ölümdən dönənlərimizin üzərinə böyük məsuliyyət düşür. Alınmış torpaqlarımızın hər qarışını gülə-çiçəyə döndərmək məsuliyyəti.
O, Şuşa fatehlərindən biri kimi tanınır. Mehdinin döyüş xatirələri çoxdur, hər günün yadda qalan xatirəsi var. Həmin xatirələrdən hələ çox danışacaq.
Mehdinin keçdiyi döyüş yolu və Vətən uğrundakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, “Xidmətdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Mehdi Sabirzadə hazırda rayon mərkəzi xəstəxanasında icbari tibbi sığortanın koordinasiya şöbəsində mütəxəssis işləyir. Ona gələcək işlərində uğurlar arzulayırıq.
Elfuzə Vəliyeva