YAXINLIĞINA 4 RAKET MƏRMİSİ DÜŞDÜ…
Elcan Nadirli 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə çağırılıb. Müharibənin ilk günündən son gününədək cəbhə yollarında inamla addımlayıb. Əlində silah düşmən hücumlarının qarşısını alıb. Azərbaycan Ordusunun irəliləməsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Müharibə bitsə də, bir əsgər kimi Orduda xidmətini davam etdirib. Dekabrın 1-də doğma Laçın torpağına ilk dəfə ayaq basanlardan biri olub. Bu barədə Elcan müəllim belə danışır:
– 44 günlük Vətən müharibəsi bütün xüsusiyyətlərinə görə tarixdə görünməyən bir savaş idi. İlk olaraq bu, Ordumuzun yüksək vətənpərvərlik əhval-ruhiyyəsi ilə bağlıydı. Biz torpaqlarımızı işğaldan azad edirdik və hər bir qələbəmiz sevinc hissi doğururdu.
Eyni zamanda, gözlərimiz qarşısında açılan mənzərə, dağıntılar o qədər məyusediciydi ki, hərbçilərimiz düşməndən intiqam almaq üçün yorulmaq bilmədən döyüşü davam etdirirdilər. Laçın torpağına ayaq basdığım günü heç zaman unutmayacağam. Buraların təbiəti necə də gözəldi! Çox şükür ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu üzərinə düşən vəzifəni yerinə yetirdi və xalqımız rahat nəfəs aldı.
Elcan müəllim danışır ki, döyüşlərin birində onun yaxınlığına 4 raket mərmisi düşüb və heç biri partlamayıb. Hadisə Talış kəndi uğrunda gedən döyüşlər zamanı olmuşdu.
– Bundan sonra ilk olaraq gözlərimin qarşısına anam gəldi,– deyir Elcan müəllim.
Elcan Nadirli 5 aprel 1993-cü il tarixdə rayonumuzun Evoğlu kəndində anadan olub. Orta təhsilini bu kənddə alıb. Sonra Ağcabədi Pedaqoji Kollecini bitirib. 2016-cı ildə müddətli həqiqi hərbi xidmətini uğurla başa vurub. Bundan sonra Mamırlı kənd tam orta məktəbinə hərbi rəhbər vəzifəsinə təyin olunub. Hal-hazırda isə Evoğlu kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Talış və Suqovuşan uğrunda gedən döyüşlərin iştirakçısıdır.
Bu döyüşlər zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülüb.
Svetlana Bağırova