Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16Dek

    200px-Elman_HüseynovBir insan tanıyırdım, illər öncə. Daha doğrusu iş yoldaşlarımdan biri olmuşdu, bir təşkilatda çalışırdıq. Gözəl boybuxunlu, yaraşıqlı, ağıllı, savadlı, yüksək dərəcədə mədəni və qürurlu, iç dünyasını kimsəyə açmayan, vətən, torpaq təəssübkeşi, həqiqətpərəst bir insan. Ölkəmizin, eləcə də doğma Tərtərimizin səmasını qara buludlar alanda onun vətən sevgisi və qeyrəti rayonda ilk müdafiə qərargahı yaratmağa sövq etmişdi.
    Bu insan rayonumuzun tarixində öz izi, sözü olan Hüseynov Elman Süleyman oğludur. O, 1952-ci ilin qışının bahar nəfəsinə çata-çat bir vaxtında fevralın 28-də ulu Tərtərimizin İlxıçılar kəndində dünyaya gəlmişdi. Illər Elmanı böyütdü, ərgən bir cavan etdi. Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsini bitirərək ali təhsilli mütəxəssis kimi öz doğma rayonunda fəaliyyətə başladı. Gündən- günə təcrübəsi artdı, ictimaiyyət arasında hörmətli bir insana çevrildi.
    Tale ona hər kəsə nümunə ola biləcək ömür payı ayırmışdı. Yüksək nüfuzu, xoşbəxt ailəsi vardı Elman müəllimin. Gözəl idarəçilik qabiliyyətinə malik idi. Azğın ermənilər sakit dünyamızı qarışdırmasaydılar bəlkə də daha yüksək vəzifələrdə adı çəkilərdi. Lakin Ulu Tanrı Elman müəllimi doyüş meydanında–səngərdə sınağa çəkdi. O, 1991-ci il sentyabr ayının 22-də rayonda Ərazi Özünümüdafiə Qərargahı təşkil etdi. Rəhbərliyi də özünün üzərinə düşdü. Əvvəl rəis, 1991-ci il noyabr ayının 22-dən isə “Tərtər” Batalyonuna komandir təyin olundu. Tərtərin müdafiəsində batalyonun çox böyük rolu olduğunu bilən Elman Hüseynov rəhbərlik və təşkilatçılıq bacarığından məharətlə istifadə edirdi. Bu cəsarətli insanın bircə amalı varıydı: Batalyonun döyüş qabiliy-yətini getdikcə yüksəltmək və rayonun bir qarış torpağına belə ermənilərin ayağının dəyməsinə imkan verməmək. Bu sahədə peşəkar zabit və tədbirli kəşfiyyatcı qabiliyyəti daim ona uğur dətirirdi. Batalyonun döyüş yolu Ağ-dərə rayonunun Seysulan, Çaylı, Mar-quşavan, Marağa, Həsənqaya, Levonarx, Ortakənd, Drambon, Maqavuz, Çıldıran, Sərsəng Su Anbarı və başqa yaşayış məntəqələrindən keçdi. Düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində tərtərlilər xüsusi şücaət göstərirdilər.
    Elman müəllimin gözəl insani keyfiyyətlərindən biri də onun həssas qəlbə malik olması idi. O, hər bir döyüşçü üçün narahat olur, əmə-liyyatlardan sağ-salamat qayıtmalarına çalışırdı. Batalyonda xidmət edən əsgərlərin yaralanmasını və ya şəhid olmasını böyük kədərlə qarşılayırdı. Torpaqlarımız uğrunda gedən döyüşlərdə özü 3 dəfə ağır yaralanmışdır. Lakin vətən, torpaq itkisini hec qəbul edə bilmirdi: “Vətən üçün, qeyrət, namus üçün ər oğul şəhid gedər”– deyirdi…
    Elman müəllim cox qətiyyətli idi. Məqsədinə çatmaq üçün əlindən gələni edərdi. Xüsusilə döyüş zamanı. Bunu oğlu Emin də atası haqqındakı söhbətində qeyd etdi:
    ––1992-ci ilin isti iyun günlərindən biri idi. Atam evə gəlmişdi. Çox qayğılı idi. Sözarası böyük ümidlə bildirdi ki, sabah necə olur-olsun mütləq Ağdərədə olacam. Atamın bu qətiyyəti məni təəccübləndirmədi. Cünki onun xasiy-yətinə bələd idim. O, dediyini edən adam idi. Həqiqətən də həmin günü Ağdərədə oldu. Daha sonra o ilin noyabrında Vəng uğrunda gedən döyüşlər zamanı 14 nəfərin şəhid olması atama çox ağır zərbə vur-muşdu. Şəhidləri döyüş gedən əra-zidən çıxarmaq üçün atam ciddi cəhdlə çalışırdı. Nəticədə bu istək yerinə yeti-rildi. Lakin…
    1992-1993-cu illər ölkəmizin tarixinə və xalqımızın yaddaşına itkilər ili kimi daxil olmuşdur. Bu müddətdə həm torpaqlarımız itirilir, həm də insanlarımız şəhid olur və əsir, girov götürülürdülər. Məhz batalyon komandiri Elman Hüseynovun da taleyinə qara hərflər həmin vaxt yazılmışdı. 1993-cü ilin 14 yanvar günü. Həmin gün o, evdən çıxarkən söz vermişdi ki, bu gün Vəngi mənfurlardan azad edəcəyik. Bu sözu də qətiyyətlə söyləmişdi. Bəlkə də verdiyi sözdə ilk dəfə idi ki, yanılırdı. Çünki Vəng əməliyyatı ən ağır döyüşlərdən biri idi. Həmin döyüş zamanı onlarla oğullarımız şəhid olmuşdu. Elman müəllimin də həyatına həmin gün son qoyuldu. O, torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid oldu. Verdiyi sozü yerinə yetirməyə düşmən gülləsi aman vermədi… 39 yaşlı komandirin arzuları, istəkləri yarımçıq qana boyandı. Böyük ümüdlərlə çıxdığı evinə bir gündən sonra cənazəsi gəldi…
    Bu anın ağrı-acısını yaşamaq çox çətindir. Özü də gənc ailədə. Elman müəllimin özündən sonra 3 övladı qaldı həyatda, oğlu Emin, qızları Lalə və Nərgiz. Özü də, necə. Kiçik qızının 3, oğlu Eminin isə 12 yaşı vardı. Doğrudur, Emin müharibənin, yaralanmağın, ölümün nə demək olduğunu başa düşürdü. Lakin atasızlığın acısını anlamırdı. Onun dediklərindən.
    ––Bizə atamın yaralı olduğunu bildirdilər. Düşünürdük ki, əvvəl yara-landığı kimi yenə sağalaçaq, yenə döyüşə gedəcək. Lakin bu dəfə belə ol-madı… Yanvarın 15-də atam torpağa tapşırıldı…
    O gündən 22 il ötüb. Elman müəllimin övladları böyüyüb, atala-rının adına layiq şəxslər olublar. Elman Hüseynova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Tərtər şəhərində ən böyük kücələrdən biri onun adını daşıyır, büstü qoyulub. Eminlə söhbətimizdə bildirdi ki, yaxınlarda Bakının Xəzər rayonundakı kücələrdən birinə də Milli Qəhrəman Elman Hüseynovun adı verilib.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:31

    Teqlər:

İsmarıclar bağlıdır.