Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Sarıcalı kəndində şəhid Mehdi Məmmədovun anası ilə görüşüb, onun problemləri və qayğılari ilə maraqlanıblar.
Rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi şücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib.
Milli Məclisin deputatı Sahib Alıyev cəbhə bölgəsində yaşayan tərtərlilərin hər zaman dövlətçiliyə sədaqətli olduqlarını, müharibə dövründə arxa cəbhədə olan sakinlərin ordu ilə birlik nümayiş etdirdiklərini, qələbəmizə bu yolla töhfələr verdiklərini bildirib.
Qeyd edək ki, “N” saylı hərbi hissənin əsgəri Məmmədov Mehdi Elçin oğlu 6 aprel 1995-ci ildə Tərtər rayonunun Sarıcalı kəndində anadan olub. 13 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.